İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduğu bildirilən iraqlı Məhəmməd Baqer Səad Davud əl-Səədinin İvanka Trampa qarşı sui-qəsd planlaşdırdığı iddia olunur. Bu barədə New York Post ABŞ mətbuatı məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, əl-Səədi 2020-ci ildə ABŞ zərbəsi nəticəsində öldürülən Qasım Süleymaninin qisasını almaq məqsədilə Tramp ailəsini hədəf almaq istəyib.
Məlumata görə, şübhəlinin İvanka Trampın Floridadakı evinin planlarına sahib olduğu və sosial şəbəkələrdə Tramp ailəsinə qarşı hədələr paylaşdığı bildirilir.
ABŞ mənbələri əl-Səədinin İranla əlaqəli “Kətaib Hizbullah” şəbəkəsi və yeni yaradılmış proksi qruplarla bağlı olduğunu iddia edir.
Şübhəlinin mayın 15-də Türkiyədə saxlanıldığı və daha sonra ABŞ-a ekstradisiya edildiyi bildirilir. Hazırda onun Avropa və Şimali Amerikada ABŞ və yəhudi obyektlərini hədəf alan bir sıra hücum və hücum cəhdləri ilə bağlı ittihamlarla üzləşdiyi qeyd olunur.
Ağ Ev məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
