İsrail və ərəb rəsmiləri qapalı müzakirələrdə ABŞ administrasiyasını İrana qarşı genişmiqyaslı hərbi zərbələri gecikdirməyə çağırıblar. Onların fikrincə, mövcud mərhələdə İran hakimiyyəti həlledici zərbə üçün yetərincə zəifləməyib və belə addım gözlənilən nəticəni verməyə bilər.
Redaksiya NBC News-a istinadla xəbər verir ki, mənbələr bu cür hərbi əməliyyatların indiki şəraitdə əks təsir göstərə biləcəyi barədə xəbərdarlıq ediblər. Bildirilib ki, vaxtından əvvəl həyata keçiriləcək zərbələr etirazçıları dəstəkləmək əvəzinə, İran cəmiyyətini hökumət ətrafında birləşdirə bilər.
Məlumata görə, bəzi rəsmilər hesab edir ki, xarici hərbi müdaxilə daxili etirazların təsir gücünü azalda və mövcud hakimiyyətin mövqelərini möhkəmləndirə bilər. Bu səbəbdən, daha əlverişli siyasi və ictimai şəraitin formalaşmasının vacib olduğu vurğulanır.
Qeyd olunur ki, məsələ ABŞ prezidenti Donald Tramp administrasiyası daxilində də müzakirə olunur və müxtəlif regional tərəfdaşların mövqeləri nəzərə alınır. Hələlik rəsmi qərar açıqlanmayıb və proses diplomatik məsləhətləşmələr mərhələsində qalır.
