İsrail Tayvanı gizli şəkildə silahlandırır — Vaşinqtondan səssiz razılıq

İsrail Tayvanı gizli şəkildə silahlandırır — Vaşinqtondan səssiz razılıq

Sevinc Kərimova · Hərbi ·

Tayvanın müdafiə nazirinin müavini gizli səfərlə İsrailə gedərək adanın “T-Dome” adlı çoxqatlı hava hücumundan müdafiə sistemi layihəsi üçün texnoloji dəstək istəyib. “Intelligence Online” nəşrinin məlumatına görə, İsrail Tayvana müdafiə texnologiyası və biliklərini mülki proqramlar adı altında paylaşır.

Redaksiya mənbəyə istinadla xəbər verir ki, İsrailin dəstəyi ilə Tayvan “Green Pine” radiolokasiya sistemi və “Arrow-2” raketlərinin bənzəri elementləri yeni “Tian Gong-4” sisteminə inteqrasiya etməyə çalışır. Bu sistem Tayvanın yeni “T-Dome” şəbəkəsinin əsas hissəsi sayılır. Məlumata görə, İsrailin bu addımı son dövrlərdə Çinlə münasibətlərdə yaranan soyuqluq və ABŞ-ın səssiz razılığı ilə izah olunur.

Tayvan oktyabrın əvvəlində artan təhlükələr fonunda “T-Dome” adlı “kubuqvari” hava müdafiə sistemi planlarını açıqlamışdı. Rəsmi sənədlərdə Çin adı çəkilməsə də, Taypey Pekini genişlənmə siyasəti ilə ittiham edir. Ada hökuməti gələn ildən müdafiə xərclərini ÜDM-in 3 faizinə, 2030-cu ilə qədər isə 5 faizinə qaldırmağı planlaşdırır. Reuters-in anonim mənbələri “T-Dome”u İsrailin “Iron Dome” sistemi ilə müqayisə edib. BBC isə beynəlxalq ekspertlərə istinadla bu cür sistemin çox böyük büdcə tələb edəcəyini yazıb. Tayvan Müdafiə Nazirliyinin rəsmisi oktyabrın 20-də ABŞ-dan yeni təşəbbüs çərçivəsində müdafiə və informasiya sistemlərinin inteqrasiyası üçün dəstək istədiklərini açıqlayıb. Adanın 39 milyard dollarlıq yeddi illik müdafiə planı “T-Dome”, asimmetrik müharibə, strateji ehtiyatlar və yerli silah istehsalını əhatə edəcək.