İran ABŞ-a müharibənin dayandırılması və regional gərginliyin azaldılması ilə bağlı 14 bəndlik yeni təklif təqdim edib. Sənəddə hücumların dayandırılması, ABŞ qüvvələrinin İran ətrafındakı bölgələrdən çıxarılması və Hörmüz boğazı ilə bağlı yeni nəzarət mexanizminin yaradılması kimi şərtlər yer alır.
Redaksiya Reuters və Əl-Cəzirəyə istinadla xəbər verir ki, İranın təklifi vasitəçilər üzərindən Vaşinqtona çatdırılıb. Planda ABŞ və İsrail tərəfindən İrana qarşı yeni hücumların olmayacağına dair zəmanət, ABŞ-ın regiondakı hərbi mövcudluğunun azaldılması, İranın dondurulmuş aktivlərinin azad edilməsi, sanksiyaların ləğvi və kompensasiya ödənilməsi tələbləri qeyd olunur.
Məlumata görə, Tehran təklifdə müharibənin bütün cəbhələrdə, o cümlədən Livanda dayandırılmasını da tələb edir. İran tərəfi Hörmüz boğazında gərginliyin azaldılması üçün yeni sistemin yaradılmasını, boğazın açılmasını və ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılmasını istəyir.
ABŞ Prezidenti Donald Tramp İranın təqdim etdiyi planı nəzərdən keçirəcəyini bildirsə də, razılaşmanın əldə olunacağına şübhə ilə yanaşdığını deyib. Vaşinqtonun mövqeyinə görə, əsas şərt İranın nüvə silahı əldə etməyəcəyinə dair sərt və etibarlı razılaşmanın təmin edilməsidir.
