İranın xarici işlər naziri Abbas Əraqçi Küveyti Fars körfəzində İran qayığına hücum etməkdə və 4 İran vətəndaşını saxlamaqda ittiham edib.
Redaksiya xəbər verir ki, Əraqçi hadisənin ABŞ-ın İrana hücum üçün istifadə etdiyi ada yaxınlığında baş verdiyini bildirib. O, saxlanılan İran vətəndaşlarının dərhal azad edilməsini tələb edib və Tehranın cavab vermək hüququnu saxladığını deyib.
Küveyt tərəfi isə bundan əvvəl İran İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli olduğu bildirilən 4 nəfərin dəniz yolu ilə ölkəyə daxil olmağa çalışdığını açıqlamışdı. Küveyt rəsmiləri onların “düşmən xarakterli fəaliyyətlər” planlaşdırdığını iddia edirlər.
İran Xarici İşlər Nazirliyi bu ittihamları rədd edir. Tehran saxlanılan şəxslərin dəniz patrulu zamanı naviqasiya problemi səbəbindən Küveyt sularına daxil olduğunu bildirir.
Hadisə ABŞ-İran gərginliyi fonunda Fars körfəzində vəziyyəti daha da həssaslaşdırıb. Tehran bunu regionda ixtilaf yaratmaq cəhdi kimi qiymətləndirir, Küveyt isə insidenti milli təhlükəsizlik məsələsi kimi təqdim edir.
