İqtisadi gücdən Böyük Qayıdışa: Azərbaycanın yeni inkişaf strategiyası

İqtisadi gücdən Böyük Qayıdışa: Azərbaycanın yeni inkişaf strategiyası

Aytac Dəniz · Siyasət ·

Böyük Qayıdışın sürətləndirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasının nəticələrinin daha da möhkəmlənməsinə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayda səsləndirdiyi fikirlər Azərbaycanın siyasi nailiyyətlərlə yanaşı, iqtisadi imkanlarını da strateji güc amilinə çevirdiyini göstərir. Çıxışda iqtisadi sabitlik və maliyyə dayanıqlılığı ölkənin inkişafının mühüm göstəriciləri kimi qiymətləndirilir. Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi uzunmüddətli dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi təqdim olunur. Möhtərəm Prezidentin fikirlərində investisiyaların cəlb edilməsi iqtisadi inkişafın sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İnvestisiya forumlarının keçirilməsi Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edən mühüm platforma kimi xarakterizə edilir. Xarici investorların Azərbaycana marağının artması ölkəyə olan iqtisadi və siyasi etimadın göstəricisi kimi dəyərləndirilir. Bu proses qeyri-neft-qaz sektorunun inkişafı üçün də yeni imkanlar yaradır. İqtisadiyyatın şaxələndirilməsi ölkənin gələcəkdə qlobal iqtisadi dəyişikliklərə daha hazırlıqlı olmasına şərait yarada bilər. Xarici borcun aşağı səviyyədə saxlanılması da maliyyə sabitliyinin mühüm elementlərindən biridir. Valyuta ehtiyatlarının artması dövlətin iqtisadi manevr imkanlarını genişləndirən amildir. Belə iqtisadi imkanlar eyni zamanda müdafiə, infrastruktur və sosial layihələrin maliyyələşdirilməsinə şərait yaradır. Azərbaycanın enerji potensialı isə onun beynəlxalq mövqeyinin əsas dayaqlarından biri olaraq qalır. Dövlət başçısının çıxışında Azərbaycanın neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları və digər enerji resurslarını istehsal və ixrac edən ölkə kimi rolu vurğulanır. Enerji təhlükəsizliyinin milli təhlükəsizliklə birbaşa əlaqəli olması Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırır. Qlobal enerji bazarlarında baş verən dəyişikliklər Azərbaycanın enerji ixracatçısı kimi rolunun perspektivlərini genişləndirə bilər. Bununla yanaşı, nəqliyyat və tranzit imkanlarının inkişafı ölkənin iqtisadi və geosiyasi çəkisini artıran digər mühüm istiqamətdir.

Orta Dəhliz və Şimal-Cənub Dəhlizi Azərbaycanın regional nəqliyyat qovşağı kimi mövqeyinin gücləndirilməsinə xidmət edir. Tranzit yüklərin həcminin artırılması yeni gəlir mənbələri və əlavə iş yerlərinin yaranmasına imkan verə bilər. Beləliklə, enerji və nəqliyyat layihələri Azərbaycanın iqtisadi gücünü regional əməkdaşlıq imkanları ilə birləşdirir. Çıxışda xüsusi diqqət yetirilən məsələlərdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Böyük Qayıdış Azərbaycanın müharibədən sonrakı inkişaf gündəliyinin ən mühüm sosial və iqtisadi layihələrindən biri kimi çıxış edir. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun qurulması həmin regionların ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyasını sürətləndirir. Keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması isə yalnız sosial deyil, həm də milli-mənəvi əhəmiyyət daşıyan prosesdir. Yeni yaşayış məntəqələrinin salınması həmin ərazilərdə davamlı həyatın bərpasına imkan yaradır. Böyük Qayıdışın sürətləndirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasının nəticələrinin daha da möhkəmlənməsinə xidmət edir. Nəticə etibarilə, cənab Prezidentin çıxışında əks olunan iqtisadi yanaşma Azərbaycanın gələcək inkişafını maliyyə sabitliyi, investisiya, enerji, nəqliyyat və regional quruculuğun qarşılıqlı vəhdəti əsasında təsəvvür etməyə imkan verir.

İldırım Zeynallı
Neftçala rayonu