İran Silahlı Qüvvələri Hörmüz boğazında nəzarət etdiyi yeni sahənin sərhədlərini açıqlayıb. Yeni xəritə regionda gərginliyin davam etdiyi və beynəlxalq gəmiçilik marşrutlarının təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir vaxtda təqdim olunub.
Redaksiya Press TV, Tasnim və Reuters-ə istinadla xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında nəzarət zonası ilə bağlı yeni xəritə yayıb. Məlumata görə, sahənin cənub sərhədi İranın Mobarak dağı ilə Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə əmirliyinin cənubu arasında çəkilən xətt üzrə müəyyən edilib.
Yeni bölgünün qərb sərhədi isə İranın Qeşm adasının son nöqtəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Umm əl-Qeyveyn əmirliyi arasında çəkilən xətt hesab olunur. İran tərəfi bu addımı boğazda təhlükəsiz keçidin təmin edilməsi və hərəkətin nəzarətdə saxlanılması ilə izah edir.
Reuters yazır ki, SEPAH Hərbi Dəniz Qüvvələrinin açıqladığı yeni xəritənin əvvəlki nəzarət iddialarından nə dərəcədə fərqləndiyi hələlik tam aydın deyil. Bununla belə, Hörmüz boğazı qlobal enerji daşımaları üçün əsas keçidlərdən biri olduğundan bölgədə hər hansı yeni hərbi-nəzarət mexanizmi beynəlxalq bazarlar və gəmiçilik sektoru üçün ciddi əhəmiyyət daşıyır.
