İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani Hörmüz boğazında təhlükəsizliyin birtərəfli qaydada təmin olunmamalı olduğunu bildirib.
Redaksiya məlumat verir ki, İravani BMT-də keçirdiyi mətbuat konfransında İranın Hörmüz boğazında sülhü, təhlükəsizliyi və gəmiçiliyin hamı üçün azadlığını dəstəklədiyini deyib.
Onun sözlərinə görə, Fars körfəzində sabitlik bütün ölkələrin, o cümlədən İran xalqının maraqlarına xidmət etməlidir.
İravani bildirib ki, bir tərəfin qanunsuz sanksiyalar, məcburedici tədbirlər və dəniz blokadası altında qalması, digər tərəflərin isə “gəmiçiliyin azadlığı” adı altında Hörmüz boğazından təhlükəsiz və maneəsiz keçməsi ədalətli və qəbuledilən deyil.
İran rəsmisi əlavə edib ki, gərginliyin azaldılması və sabitliyin təmin olunması yolu beynəlxalq hüquqa və BMT Nizamnaməsinə hörmətdən keçir.
İravani Təhlükəsizlik Şurasından siyasi məqsədlər və hərbi hədəflər naminə sui-istifadə edilməsinin bölgədə sabitliyə xidmət etmədiyini vurğulayıb.
