Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin ən möhkəm dayaqlarından birini qarşılıqlı iqtisadi-ticari əlaqələr təşkil edir. Rəsmi rəqəmlər və statistik göstəricilər ölkəmizin regiondakı iqtisadi hegemonluğunu və Avropa üçün əvəzedilməzliyini açıq şəkildə ortaya qoyur.
Hazırda Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı statusunu qoruyub saxlayır.
Ölkəmizin bütöv xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu məhz Aİ üzvü olan dövlətlərlə aparılır. Bu, Azərbaycan iqtisadiyyatının qlobal bazarlara, xüsusən də yüksək alıcılıq qabiliyyətinə malik Avropa məkanına inteqrasiyasının ən bariz nümunəsidir. Lakin məsələyə regional kontekstdən yanaşdıqda mənzərə daha da heyranedicidir. Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan bütövlükdə Cənubi Qafqazda Avropa İttifaqı üçün əsas ticarət tərəfdaşıdır və regionda reallaşan ümumi ticarətin təxminən 70 faizi məhz Azərbaycanın payına düşür.
Bu nəhəng rəqəm ölkəmizin regional iqtisadiyyatın dörddə üçünə nəzarət etdiyini və Brüsselin Cənubi Qafqaz siyasətinin iqtisadi ağırlıq mərkəzinin Bakı olduğunu göstərir. Bu günlərtdə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı aparılan geniş müzakirələr mövcud ticarət əlaqələrinin qeyri-neft sektoruna da transfer edilməsi və qarşılıqlı investisiya qoyuluşlarının stimullaşdırılması üçün yeni imkanlar açır. İqtisadi tərəfdaşlığın bu dərəcədə dərinləşməsi həm də ölkəmizin maliyyə dayanıqlığını artıraraq regional layihələrin icrasında müstəqil qərarlar verməsinə zəmin yaradır.
Nigar Abdullayeva
Neftçala rayonu
