“PAŞA Holding”in təşkilatçılığı ilə keçirilən regionun ən böyük innovasiya platforması “INMerge” İnnovasiya Sammiti bu il 30 noyabr–1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq.
Şirkətdən bildirilib ki, “INMerge 2026” çərçivəsində 94 ölkədən daxil olan 1300-dən çox startap müraciəti arasından seçilmiş 120 startapın, 200-dən çox beynəlxalq spikerin və minlərlə iştirakçının bir araya gəlməsi gözlənilir.
Builki sammitin əsas istiqamətlərindən biri startap ekosisteminin inkişafı, yeni texnologiyaların təqdimatı və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi olacaq.
Sammitdə texnologiya, biznes, iqtisadiyyat və innovasiya sahələrində dünya miqyasında tanınan 200-dən çox spiker iştirak edəcək. Onların sırasında beşqat “Grand Slam” çempionu və sahibkar Mariya Şarapova, “Google X”in keçmiş baş biznes direktoru Mo Qavdat, “Nike”ın keçmiş baş marketinq direktoru Qreq Hoffman və 2025-ci il iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Coel Mokir yer alır.
Mariya Şarapova 2025-ci ildə “International Tennis Hall of Fame”ə daxil edilib. Hazırda sahibkar və investor kimi fəaliyyət göstərən Şarapova “Moncler” şirkətinin direktorlar şurasının üzvü və “New York Times Best Seller” siyahısına daxil olmuş kitabın müəllifidir. Mo Qavdat “Solve for Happy” və “Scary Smart” bestsellerlərinin müəllifi, süni intellekt və onun cəmiyyətə təsiri üzrə tanınmış ekspertdir. Qreq Hoffman təxminən 30 il Nike şirkətində çalışaraq təcrübəçi vəzifəsindən baş marketinq direktoru vəzifəsinədək yüksəlib. O, “Emotion by Design” kitabının müəllifidir. Coel Mokir Nortvestern Universitetinin professoru və tanınmış iqtisadi tarixçidir. Texnoloji tərəqqi və iqtisadi artım üzrə tədqiqatlarına görə 2025-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Spikerlərin tam siyahısı və biletlərlə bağlı ətraflı məlumat inmerge.az saytında təqdim olunur.
“INMerge” haqqında
“PAŞA Holding”in təsis etdiyi və təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti 2021-ci ildən etibarən hər il Bakıda keçirilən innovasiya və texnologiya sammitidir. Sammit Azərbaycan, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Avropadan korporasiyaları, investorları, startapları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək regional əməkdaşlığı dəstəkləyir və Bakının innovasiya mərkəzi kimi inkişafına töhfə verir.

“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
Aytac Dəniz · Texnologiya ·