Avropada kiberhücum təhlükəsi: Routerlər və məişət texnikası hədəfdə

Avropada kiberhücum təhlükəsi: Routerlər və məişət texnikası hədəfdə

Fərid Əlizadə · Media ·

Avropa İttifaqının Kibertəhlükəsizlik Agentliyi (ENISA) internetə qoşulan routerlərin və ağıllı məişət cihazlarının hakerlərin növbəti hədəfinə çevrilə biləcəyi barədə xəbərdarlıq edib. Qurum Avropa ölkələrini kibertəhlükəsizliyə daha çox sərmayə yatırmağa çağırıb.

Redaksiya “South China Morning Post” nəşrinə istinadən xəbər verir ki, ENISA-nın icraçı direktoru Yuhan Lepassar noyabrın 10-da Brüsseldə verdiyi açıqlamada Avropada supermarketlərin soyutma sistemlərinə qarşı həyata keçirilmiş kiberhücumlardan danışıb.

“Bu gün soyuducular hədəfə alındı, sabah routerlər, birigün isə məişət cihazları ola bilər”, – deyə Lepassar xəbərdarlıq edib.

Onun sözlərinə görə, müasir cəmiyyətdə insanların gündəlik istifadə etdikləri xidmətlərin demək olar ki, hamısı rəqəmsal texnologiyalardan asılıdır.

“Vətəndaş və insan olaraq asılı olduğunuz hər bir xidmətdə rəqəmsal komponent, müəyyən proqram kodu var. Əgər həmin kod qorunmursa, haker hücumuna məruz qala bilər”, – deyə agentlik rəhbəri bildirib.

Lepassar vurğulayıb ki, kiberhücumlar təkcə məişət avadanlıqlarının fəaliyyətini pozmaqla məhdudlaşmaya bilər. Belə hadisələr xəstəxanaların, polis və yanğınsöndürmə xidmətlərinin, eləcə də nəqliyyat infrastrukturunun işinə də təsir göstərə bilər.

Xatırladaq ki, oktyabr və noyabr aylarında Avropanın azı 12 ölkəsində supermarketlərin soyuducu və dondurucu sistemləri kiberhücumlara məruz qalıb.

Ən genişmiqyaslı hadisələr Fransada qeydə alınıb. Hücumçuların soyutma avadanlıqlarının temperaturunu uzaqdan dəyişməsi nəticəsində ərzaq məhsullarının bir hissəsi yararsız vəziyyətə düşüb.

Noyabrın 1-dən 2-nə keçən gecə Belçika, İrlandiya, Lüksemburq, Niderland, Finlandiya, İsveç, Estoniya və digər Avropa ölkələrində də oxşar hadisələr baş verib.

Avropa Komissiyası və ENISA noyabrın 4-də birgə bəyanat yayaraq hadisələrin araşdırıldığını, təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və üzv dövlətlər arasında məlumat mübadiləsinin aparıldığını açıqlayıb.

Kiberhücumların kim tərəfindən təşkil edildiyi məsələsi isə mübahisəli olaraq qalır. Fransa rəsmiləri əvvəlki hücumlarla bağlı İranı ittiham etsələr də, ENISA rəhbəri konkret hadisələrin arxasında hansı dövlətin dayandığını təsdiqləməyib.

Lepassar bildirib ki, təhlükəsizlik tədbirləri cihazların istehsal mərhələsindən nəzərə alınmalıdır. Onun fikrincə, sonradan əlavə müdafiə mexanizmləri qurmaq əvəzinə, məhsulların ilkin layihələndirilməsində kibertəhlükəsizlik standartları tətbiq edilməlidir.

Agentlik rəhbəri Avropa İttifaqının ENISA-nın əməkdaş sayını və maliyyə resurslarını iki dəfə artırmaq planını müsbət qiymətləndirib. Bununla belə, o, həmin tədbirlərin artan təhlükələr qarşısında kifayət etməyə biləcəyini qeyd edib.

ENISA-nın xəbərdarlığı konkret router və ya məişət texnikası modellərinə qarşı yeni hücumun artıq başladığı anlamına gəlmir. Söhbət internetə qoşulan cihazların təhlükəsizlik boşluqlarından istifadə olunması ilə bağlı potensial risklərdən gedir.