Böyük Britaniyanın İngiltərə bölgəsində davam edən güclü quraqlıq bəzi su anbarlarının tamamilə qurumasına səbəb ola bilər. Ötən yay qeydə alınan rekord istilərdən sonra ölkənin cənubundakı bir neçə bölgədə ən yüksək quraqlıq səviyyəsi elan edilib. Bu barədə “The Times” qəzeti məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, oktyabr ayında İngiltərənin cənubundakı bir sıra ərazilərdə su ehtiyatlarının azalması səbəbindən ciddi məhdudiyyətlər gündəmə gəlib. South East Water su təchizatı şirkəti quraqlığın davam edəcəyi təqdirdə Böyük Britaniyanın Norveçdən su idxal edə biləcəyini açıqlayıb.
Nəşrin məlumatına görə, Britaniya hökumətinin fövqəladə hallar üzrə komitəsi İngiltərənin cənub-qərbində və Sasseks bölgəsində yaranmış vəziyyəti müzakirə etmək üçün həftədə iki dəfəyədək iclas keçirir.
Rəsmi şəxslər xəbərdarlıq ediblər ki, hökumət vaxtında tədbirlər görməsə, bəzi yaşayış evlərinin su təchizatında fasilələr yarana bilər. Bundan əlavə, atom elektrik stansiyasının tikintisi və həbsxananın fəaliyyəti də təhlükə altına düşə bilər.
Qeyd edək ki, avqust ayında Böyük Britaniyada anomal istilər və su qıtlığı səbəbindən bağların suvarılmasında istifadə olunan çiləyici sistemlərə məhdudiyyətlər tətbiq edildiyi bildirilmişdi. Güclü quraqlıq ölkənin müxtəlif bölgələrində bitki örtüyünə də ciddi ziyan vurub.
Böyük Britaniyanın Milli Fermerlər İttifaqı isə son 50 ilin ən güclü quraqlığının kənd təsərrüfatında böhran yaratdığı barədə xəbərdarlıq edib. Təşkilatın qiymətləndirməsinə görə, su çatışmazlığı kənd təsərrüfatı istehsalına mənfi təsir göstərməklə ölkənin ərzaq təhlükəsizliyini də risk altına qoyur.
Mövcud vəziyyət su ehtiyatlarının idarə olunması və quraqlığın mümkün nəticələrinin qarşısının alınması üçün təcili tədbirlərin görülməsi zərurətini artırır.
