Çinin telekommunikasiya və texnologiya nəhəngi Huawei, süni intellekt (Sİ) sahəsindəki ambisiyalarını daha da gücləndirərək yeni nəsil yüksək performanslı AI çipini tanıdıb.
Redaksiya The Wall Street Journal-ın məlumatına görə xəbər verir ki, bu addım Huawei-nin qlobal Sİ çip bazarının lideri olan NVIDIA-ya ciddi rəqib olmaq məqsədi daşıyır.
Təqdim olunan yeni çip, ələlxüsus süni intellekt modellərinin öyrədilməsi və tətbiqi üçün optimallaşdırılmış yüksək hesablama gücü və enerji səmərəliliyi ilə diqqət çəkir. ABŞ-ın tətbiq etdiyi sanksiyalara baxmayaraq, Huawei öz daxili resursları və Çin daxilində formalaşdırdığı təchizat zənciri sayəsində texnoloji inkişafını sürətlə davam etdirir.
Mənbələr qeyd edir ki, Huawei-nin ən son AI çipi, performans baxımından NVIDIA-nın bəzi qabaqcıl modelləri ilə müqayisə oluna bilər səviyyədədir. Şirkət, bu yeni məhsulu ilk növbədə Çin daxilindəki bazara təqdim etməyi, gələcəkdə isə beynəlxalq bazarda da mövqeyini gücləndirməyi planlaşdırır.
Analitiklər hesab edirlər ki, Huawei-nin bu strateji addımı qlobal süni intellekt texnologiyaları sektorunda yeni bir rəqabət mərhələsinin başlanğıcı ola bilər və ABŞ ilə Çin arasında davam edən texnoloji rəqabətdə mühüm bir dönüş nöqtəsini təmsil edə bilər.
Fərid Əlizadə
