Hindistan və Çin arasında 5 ildir dayandırılmış birbaşa uçuşların və sərhəd ticarətinin bərpası barədə razılıq əldə olunub.
Redaksiya xəbər verir ki, Çinin xarici işlər naziri Vanq Yi və hindistanlı həmkarı Subrahmanyam Caişankar arasında keçirilən görüşdə üç sərhəd məntəqəsindən ticarətin açılması qərara alınıb. Bundan əlavə, turist, iş, mətbuat və digər vizaların verilməsində qarşılıqlı asanlaşdırma tətbiq ediləcək.
Hindistan Xarici İşlər Nazirliyi açıqlayıb ki, görüş “müsbət və konstruktiv ruh” şəraitində keçirilib. Tərəflər həmçinin sərhəd mübahisələrinin həlli üçün xüsusi işçi qrupunun yaradılması barədə də razılığa gəliblər.
Xatırladaq ki, iki ölkə arasında 2020-ci ildə Ladak bölgəsində baş vermiş silahlı toqquşmalar gərginliyin ən yüksək həddə çatmasına səbəb olmuşdu. Lakin ötən il imzalanmış razılaşma ilə Faktiki Nəzarət Xətti üzrə patrul fəaliyyətlərinin tənzimlənməsi qərara alınmışdı.
Son razılaşma ilə diplomatik dialoq daha konkret sahələrə — ticarət, nəqliyyat və insanların hərəkətliliyinə keçib. Tərəflər qarşıdakı mərhələdə münasibətləri “stabil, əməkdaşlığa əsaslanan və irəliləməyə yönəlik” şəkildə inkişaf etdirmək əzmində olduqlarını bəyan ediblər.
Sevinc Kərimova
