HƏMAS İsrail qüvvələri Qəzza zolağından tam çıxmadan silahların təhvil verilməyəcəyini bildirib. Hərəkatın danışıqlar nümayəndə heyətinin üzvü Qazi Həməd tərksilah məsələsinin İsrailin geri çəkilməsi və Qəzzanın bərpası ilə ayrılmaz şəkildə bağlı olduğunu deyib. Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Həməd gələcək tərksilah prosesində İsrailin rol almayacağını bildirib. Onun sözlərinə görə, bu prosesə Fələstinin milli komitəsi nəzarət etməlidir və İsrail ordusu Qəzzadan çıxmadan silahlarla bağlı heç bir addım atılmayacaq.
Açıqlama ABŞ Prezidenti Donald Trampın Qəzzadakı HƏMAS və digər silahlı qrupların tam tərksilahına dair “tarixi razılaşma” əldə edildiyini bəyan etməsindən sonra verilib. Tramp prosesin mərhələli şəkildə həyata keçiriləcəyini, tərksilah tamamlandıqca İsrail qüvvələrinin geri çəkiləcəyini və təhlükəsizliyin beynəlxalq sabitləşdirmə qüvvəsi ilə yeni Fələstin polisinin nəzarətinə veriləcəyini bildirib.
HƏMAS tərəfi isə təqdim olunan razılaşmanı yekun və qeyd-şərtsiz tərksilah öhdəliyi kimi qəbul etmədiyini göstərib. Beləliklə, əsas fikir ayrılığı prosesin ardıcıllığı ilə bağlıdır: ABŞ və İsrail tərksilahın geri çəkilmədən əvvəl və ya onunla paralel aparılmasını, HƏMAS isə əvvəlcə İsrail qüvvələrinin tam çıxmasını tələb edir.
Danışıqlarda Misir, Qətər və Türkiyənin vasitəçilik etdiyi bildirilir. Razılaşmanın hüquqi statusu, icra mexanizmi və tərəflərin üzərinə götürdüyü konkret öhdəliklər barədə tam sənəd hələ ictimaiyyətə açıqlanmayıb.
