Redaksiya xəbər verir ki, HƏMAS-ın yüksək vəzifəli nümayəndəsi Musa Ebu Mərzuk İsrail və ABŞ-ın açıqladığı rəqəmləri əsassız adlandırıb. O bildirib ki, İsrail HƏMAS-ın imkanlarının 90 faizini məhv etdiyini iddia edir, lakin “hansı silahlardan bəhs edirlər?” sualı açıq qalır. ABŞ prezidenti Donald Trampın 25 min HƏMAS üzvünün öldürüldüyü barədə bəyanatının da heç bir real əsası olmadığını deyib.
Mərzuk həmçinin vurğulayıb ki, xalqın gələcəyini formalaşdırmaq ümummilli məsələdir və HƏMAS bunu təkbaşına qərarlaşdıra bilməz. Onun sözlərinə görə, girovların və meyitlərin 72 saat ərzində təhvil verilməsi nəzəri baxımdan mümkün olsa da, mövcud şərtlərdə real görünmür.
HƏMAS rəsmisi əlavə edib ki, gələcək Fələstin dövləti üçün silah təmin olunacaq və Qəzzaya kim rəhbərlik edəcəksə, həmin gücün əlində də silah olacaq. O, bu mövqeyini vasitəçilər vasitəsilə açıqlayaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
