Rothschild sülaləsinin üzvü Hannah Rothschild CNBC-yə verdiyi müsahibədə ailəsinin tarixi, mənşəyi və Avropada maliyyə sisteminin formalaşmasındakı rolu barədə geniş açıqlamalar verib. O, ailənin çətin sosial şəraitdən çıxaraq qısa müddətdə beynəlxalq təsir gücünə malik struktura çevrildiyini vurğulayıb.
Redaksiya məlumat verir ki, müsahibədə Rothschild ailəsinin banisinin Frankfurt şəhərində yerləşən Judengasse adlı yəhudi məhəlləsində doğulduğu, dar və ağır şəraitli evdə yaşadığı, gecələr məhəlləni tərk etməyin qadağan olunduğu bildirilib. Hannah Rothschild qeyd edib ki, ailə başçısı bu şəraitdən çıxmaq məqsədilə kiçik sikkə ticarətinə başlayıb və əsas strateji addım kimi beş oğlunu Avropanın müxtəlif paytaxtlarına göndərib.
Müsahibədə bildirilib ki, həmin oğullar arasında qurulan davamlı əlaqə ilk beynəlxalq bankçılıq sisteminin əsasını qoyub. Onlar müxtəlif ölkələrdə fəaliyyət göstərsələr də, məktublar və digər vasitələrlə sıx əməkdaşlıq edərək vahid maliyyə şəbəkəsi yaradıblar.
Hannah Rothschild-in sözlərinə görə, bu birlik və sərhədlərarası fəaliyyət ailənin qısa müddətdə böyük nüfuz qazanmasına səbəb olub. O bildirib ki, on səkkizinci əsrin sonu və on doqquzuncu əsrin əvvəllərində Rothschildlərin təsiri o qədər artmışdı ki, bəzi mənbələrdə hökumətlərin və monarxların onların maliyyə dəstəyi olmadan müharibə qərarı vermədiyi qeyd olunurdu.
