Samsung şirkətinin ağıllı televizorlarının istifadəçilərin izlədiyi videoları, reklamlara reaksiyalarını və ətraf mühitdəki səsləri süni intellekt (Sİ) vasitəsilə təhlil etdiyi iddia olunur. Özünü “log4j” kimi təqdim edən kibertəhlükəsizlik tədqiqatçısı 2025-ci il istehsalı olan Samsung televizorunun proqram təminatını araşdırdıqdan sonra bu qənaətə gəlib. Bu barədə “Tom's Hardware” nəşri məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, tədqiqatçı televizorunda göstərilən reklamların şəxsi maraqlarına qeyri-adi dərəcədə uyğun olduğunu müşahidə etdikdən sonra cihazın fəaliyyətini araşdırmağa başlayıb.
Onun sözlərinə görə, televizorun proqram təminatı şifrələndiyindən sistemə daxil olmaq üçün əvvəllər məlum olmayan təhlükəsizlik boşluqlarından istifadə edib. Nəticədə cihaz üzərində tam nəzarət əldə edərək proqram təminatının iş prinsipini araşdırıb.
Tədqiqatçı iddia edir ki, Samsung televizorlarında istifadəçilərin davranışlarını izləyən kiçik Sİ modeli fəaliyyət göstərir. Bu sistem YouTube kimi tətbiqlərdə hansı videoların izlənildiyini, reklamların ötürülüb-ötürülmədiyini və istifadəçinin videonun hansı hissəsinə qədər baxdığını təhlil edir.
İddialara əsasən, televizor həmçinin ekran görüntülərini emal edir və ətraf mühitdəki səsləri təsnifləşdirir. Məsələn, sistem it hürməsini və ya körpə ağlamasını müəyyən edə bilir. Tədqiqatçının sözlərinə görə, toplanan məlumatlar Samsung şirkətinə göndərilir.
O, əlavə edib ki, daxili mikrofonu olmayan televizorlar da qoşulmuş səs panellərinin və ya Bluetooth cihazlarının mikrofonlarından istifadə edə bilər.
Araşdırmanın digər diqqətçəkən məqamı OpenAI ilə bağlıdır. “log4j” bildirib ki, proqram təminatının təhlili zamanı Sİ alətlərindən istifadə etdikdən sonra OpenAI onun hesabını “kibersui-istifadə” səbəbi ilə deaktiv edib.
Tədqiqatçı isə həmin alətlərdən yalnız öz cihazında proqram təminatının əks mühəndislik üsulu ilə araşdırılması üçün istifadə etdiyini bildirib. Onun iddiasına görə, hesabın bağlanması nəticəsində təxminən 500 dollar itirib.
Bununla yanaşı, Hugging Face şirkətinin mühəndislərindən biri də sistem səviyyəsində giriş əldə edilmiş televizorda mikrofonun fəaliyyətini yoxlayıb. Müşahidə zamanı mikrofonun beş saniyə ərzində aktiv olduğu, daha sonra isə saatlarla bağlı qaldığı qeydə alınıb.
Lakin yayılan iddialar hələ müstəqil şəkildə təsdiqlənməyib. Tədqiqatçının araşdırmasının tam texniki hesabatı da hələ dərc olunmayıb.
Məsələ ağıllı televizorların istifadəçi məlumatlarını hansı həcmdə toplaması, mikrofonlardan istifadə qaydaları və şəxsi məlumatların məxfiliyinin qorunması ilə bağlı sualları gündəmə gətirir.
