ABŞ-ın texnologiya nəhəngi Microsoft təxminən 60 min əməkdaşına kompensasiya müqabilində könüllü şəkildə işdən ayrılmağı təklif edib. Şirkətin bu addımı süni intellekt (Sİ) texnologiyalarına böyük investisiyalar yatırdığı və xərclərini azaltmağa çalışdığı bir dövrə təsadüf edir. Bu barədə Business Insider nəşri məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Microsoft işçi qüvvəsinin optimallaşdırılması məqsədilə əməkdaşlarının bir hissəsinə könüllü işdən ayrılma proqramı təklif edib. Proqram çərçivəsində işdən ayrılmağa razılıq verən şəxslərə kompensasiya ödənilməsi nəzərdə tutulur.
Məlumata görə, şirkət bu il həyata keçirdiyi ixtisarlardan və Sİ infrastrukturuna yönəltdiyi irihəcmli investisiyalardan sonra əməliyyat xərclərini azaltmağın yeni yollarını axtarır. Könüllü işdən ayrılma proqramı əlavə məcburi ixtisarların qarşısını almaq məqsədi daşıyır.
Microsoft-un insan resursları üzrə direktoru Emi Koulman bildirib ki, bu təşəbbüs şirkətin transformasiya strategiyasının mühüm hissəsidir.
“Könüllü işdən ayrılma təklifi transformasiyaya yanaşmamızı dəyişdirməyimizin vacib elementidir. Biz daha çevik olmağa çalışırıq və mümkün olduğu qədər əməkdaşlarımıza gələcək peşəkar yollarını müstəqil müəyyənləşdirmək üçün əlavə imkanlar təqdim edirik”, – deyə Koulman vurğulayıb.
Şirkətin yeni yanaşması Sİ texnologiyalarının tətbiqi ilə paralel olaraq təşkilati strukturun və əmək resurslarının yenidən nəzərdən keçirilməsini nəzərdə tutur.
Bununla belə, 60 min əməkdaşın hamısının işdən ayrılacağı bildirilmir. Sözügedən rəqəm könüllü ayrılma təklifinin şamil olunduğu işçilərin təxmini sayını ifadə edir.
