Hakan Fidan Mayamidə Qəzza üzrə beynəlxalq sammitdə iştirak edəcək

Hakan Fidan Mayamidə Qəzza üzrə beynəlxalq sammitdə iştirak edəcək

Sevinc Kərimova · Siyasət ·

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah ABŞ-ın Mayami şəhərində Qəzza mövzusuna həsr olunmuş beynəlxalq sammitdə iştirak edəcək. Tədbirdə regionla bağlı aktual siyasi və humanitar məsələlərin müzakirəsi nəzərdə tutulur.

Redaksiya xəbər verir ki, sammit ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun ev sahibliyi ilə keçiriləcək. Görüşdə Misir və Qətərdən olan rəsmi nümayəndə heyətləri də iştirak edəcək.

Məlumata görə, toplantının əsas gündəliyini Qəzzada mövcud vəziyyət, atəşkəs perspektivləri və humanitar yardım mexanizmlərinin genişləndirilməsi təşkil edəcək. Tərəflərin regionda sabitliyin təmin olunması üçün mümkün diplomatik addımları müzakirə edəcəyi gözlənilir.

Sammit çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi, həmçinin regional aktorlar arasında koordinasiyanın gücləndirilməsi məsələlərinin də diqqət mərkəzində olacağı bildirilir.