Gmail hesab məlumatlarının kütləvi sızması aşkarlanıb

Gmail hesab məlumatlarının kütləvi sızması aşkarlanıb

Səidə Əsədli · Texnologiya ·

Kibertəhlükəsizlik üzrə tədqiqatçı Jeremiah Fowler internetdə qorunmayan nəhəng məlumat bazası aşkar edib və bu bazada təxminən 149 milyon unikal giriş məlumatının yer aldığı müəyyən olunub. Sızan məlumatlar arasında 48 milyon Gmail hesabı da daxil olmaqla müxtəlif platformalara aid istifadəçi adı və şifrələr mövcud olub.


Redaksiya xəbər verir ki, “infostealer log dump” adlandırılan bu sızma Google sistemlərinə birbaşa hücum nəticəsində baş verməyib. Məlumatlar fərdi istifadəçilərin cihazlarına yoluxmuş infostealer tipli zərərli proqramlar vasitəsilə toplanıb və 96 GB həcmində qorunmayan verilənlər bazasında saxlanılıb.


Araşdırmaya əsasən, sızma Gmail ilə yanaşı Facebook üzrə 17 milyon, Instagram üzrə 6.5 milyon, Netflix üzrə 3.4 milyon, Yahoo üzrə 4 milyon, Outlook üzrə 1.5 milyon və iCloud üzrə 900 min hesabı əhatə edib. Verilənlər bazasında yalnız istifadəçi adı və şifrələr deyil, həm də platformalara dəqiq giriş URL-ləri yer alıb ki, bu da avtomatlaşdırılmış “credential stuffing” hücumlarını daha da asanlaşdırıb.


Məlumat bazası Fowler tərəfindən hostinq provayderinə bildirildikdən sonra silinsə də, mütəxəssislər risk altında ola biləcək istifadəçilərə təcili tədbirlər görməyi tövsiyə edirlər. Tövsiyələrə “Have I Been Pwned” kimi etibarlı alətlərlə hesabların yoxlanılması, şifrələrin dərhal dəyişdirilməsi, 2 mərhələli təsdiqin aktivləşdirilməsi, mümkün olduqda “Google Passkeys” kimi parol əvəzi autentifikasiya üsullarına keçid və cihazlarda tam antivirus yoxlamasının aparılması daxildir.