Giorgia Meloni: Avropa öz taleyini özü müəyyən etməlidir

Giorgia Meloni: Avropa öz taleyini özü müəyyən etməlidir

Sevinc Kərimova · Siyasət ·

İtaliyanın Baş naziri Giorgia Meloni Avropanın gələcəyi ilə bağlı prinsipial mövqe ortaya qoyaraq, qitənin qarşısında tarixi seçim dayandığını bildirib. Onun sözlərinə görə, mövcud geosiyasi və iqtisadi çağırışlar fonunda Avropa ya öz taleyini özü müəyyən etməli, ya da baş verən proseslərə dözməklə kifayətlənməlidir.

Redaksiya xəbər verir ki, Giorgia Meloni çıxışında Avropanın qarşısında açıq seçim olduğunu vurğulayaraq deyib: “Avropa ya öz taleyini öz əlinə almaq istəyir, ya da ona dözməyi seçir — qərar verməlidir. Məhz buna görə bizə aydınlıq, cəsarət və məsuliyyət lazımdır; ən əsası isə böhranları imkanlara çevirmək bacarığı vacibdir”.

Baş nazirin bu fikirləri Avropa İttifaqı daxilində strateji müstəqillik, təhlükəsizlik, enerji və iqtisadi dayanıqlılıq mövzularında gedən müzakirələr fonunda səslənib. Meloni çıxışında mövcud böhranların yalnız risk deyil, eyni zamanda inkişaf və yenilənmə üçün fürsət kimi dəyərləndirilməsinin vacibliyini qeyd edib.

Analitiklərin fikrincə, bu açıqlama Avropada artan qeyri-müəyyənliklər, beynəlxalq münasibətlərdə dəyişən balanslar və qlobal iqtisadi təzyiqlər şəraitində siyasi liderlərin daha qətiyyətli mövqe nümayiş etdirməsi çağırışı kimi qiymətləndirilir. Giorgia Meloninin mesajı Avropanın gələcək kursunun müəyyənləşdirilməsində məsuliyyətli və cəsarətli qərarların vacibliyinə diqqət çəkir.