ABŞ-ın keçmiş müdafiə naziri Robert Geyts İsrail Baş naziri Benyamin Netanyahunun 2009-cu ildə İranla bağlı hesablamalarını səhv adlandırıb.
Redaksiya xəbər verir ki, Geyts CBS News-un “Face the Nation” proqramında həmin dövrdə Netanyahu ilə apardığı müzakirəni xatırladıb.
Onun sözlərinə görə, Netanyahu 2009-cu ilin iyulunda ABŞ tərəfini İran hakimiyyətinin hərbi hücum halında tez çökəcəyinə və Tehranın Körfəzdəki ABŞ obyektlərinə cavab verməyə cəsarət etməyəcəyinə inandırmağa çalışıb.
Geyts bildirib ki, o zaman Netanyahunun bu yanaşmasını yanlış hesab edib. Keçmiş Pentaqon rəhbərinin fikrincə, İsrail baş naziri iranlıların dayanıqlığını ciddi şəkildə az qiymətləndirirdi.
Geyts əlavə edib ki, Netanyahu İraq və Suriyadakı nüvə obyektlərinə İsrail zərbələrindən sonra ciddi cavab verilməməsini İran üçün də oxşar ssenari kimi qiymətləndirib. Onun fikrincə, bu yanaşma real vəziyyəti düzgün əks etdirmirdi.
Açıqlama ABŞ və İsrailin İranla bağlı hərbi variantları yenidən müzakirə etdiyi, regionda isə gərginliyin artdığı dövrdə gündəmə gəlib.
