Donald Trampın müharibədən sonra Qəzzanın idarə olunması və yenidən qurulması üçün dəstəklədiyi “Sülh Şurası” ciddi maliyyə böhranı ilə üzləşib.
Redaksiya Financial Times-a istinadla xəbər verir ki, şuranın rəsmi maliyyə fondu faktiki olaraq boşdur və Qəzzada real bərpa layihələrinə pul axını başlamayıb.
Məlumata görə, müxtəlif ölkələr tərəfindən milyardlarla dollarlıq vədlər səsləndirilsə də, Dünya Bankı vasitəsilə idarə olunan rəsmi hesaba ciddi vəsait daxil olmayıb.
FT yazır ki, qurum həm də mürəkkəb hüquqi və siyasi vəziyyətə düşüb. Onun mandatı, Qəzzada real səlahiyyəti və donor pullarını necə idarə edəcəyi ilə bağlı suallar açıq qalır.
Middle East Eye daha əvvəl yazmışdı ki, Tramp administrasiyasının yüksək vəzifəli rəsmisi apreldə Səudiyyə Ərəbistanına gedərək Riyaddan “Sülh Şurası” üçün vəd etdiyi 1 milyard dollarlıq öhdəliyi yerinə yetirməyi tələb edib.
Financial Times-a görə, donorların tərəddüdü Qəzzanın idarəetmə modeli, təhlükəsizlik zəmanətləri, HƏMAS-ın gələcək rolu və şuranın hüquqi statusu ilə bağlı qeyri-müəyyənliklə əlaqəlidir.
Nəticədə Trampın Qəzza üçün təqdim etdiyi əsas beynəlxalq idarəetmə mexanizmi hələlik real maliyyə və icra gücü qazana bilməyib.
