Fransalı deputat Matild Pano Qəzzadakı vəziyyət və İran ətrafında yaranan gərginliklə bağlı sərt açıqlama verib. O, beynəlxalq hüququn Qəzzada yaşananlara reaksiya verməkdə aciz qaldığını bildirib.
Redaksiya France TV-yə istinadla məlumat verir ki, Pano Qəzzada baş verənləri “bəşəriyyət tarixində canlı yayımla izlənən ilk soyqırımı” kimi xarakterizə edib. Deputatın sözlərinə görə, beynəlxalq hüquq bu prosesin qarşısını ala bilmədiyi üçün faktiki olaraq öz təsir gücünü itirib.
Pano həmçinin ABŞ Prezidenti Donald Trampın İranla bağlı hərbi xəttini Qəzzaya münasibətdə göstərilən susqunluqla əlaqələndirib. O iddia edib ki, Qəzzada baş verənlərə sərt və açıq etiraz edilməməsi Tramp və İsrailin Baş naziri Benyamin Netanyahuya daha geniş hərbi addımlar üçün zəmin yaradıb.
Fransalı deputat bildirib ki, Tramp və Netanyahunun apardığı qanunsuz müharibəyə qarşı beynəlxalq səviyyədə kifayət qədər güclü “yox” deyilməyib. Onun fikrincə, bu susqunluq yeni münaqişələrə yol açır və beynəlxalq sistemin etibarlılığını daha da zəiflədir.
