Foreign Policy: Qafqazda yeni dövr başlayır – Təhlil

Foreign Policy: Qafqazda yeni dövr başlayır – Təhlil

Sevinc Kərimova · Siyasət ·

Vaşinqtonda 8 avqustda keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tarixi əhəmiyyət daşıyan sənədə imza atıblar. İllərlə davam edən münaqişənin sonunu gətirə biləcək çərçivə razılaşması regionda həm siyasi, həm də iqtisadi mənzərəni dəyişdirə bilər.

Redaksiya Foreign Policy nəşrinə istinadən xəbər verir ki, tərəflərin imzaladığı ilkin sənəd ABŞ-ın Cənubi Qafqaza daha aktiv şəkildə daxil olmasının göstəricisidir. Bu razılaşma uzun illər Rusiya, Türkiyə və İranın təsiri altında qalan bölgəyə yeni geosiyasi imkanlar açır. ABŞ rəsmilərinin gözləntilərinə görə, yekun sülh sazişi 2026-cı ilin sonunadək imzalanaraq ratifikasiya oluna bilər.

Müharibələrin izi və yeni reallıq
Ermənistanla Azərbaycan arasındakı münaqişə onilliklər boyu Cənubi Qafqazın parçalanmasına, həmçinin Rusiyanın dominant mövqeyinə yol açıb. 2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sonunda qalan ərazilərin də Bakının nəzarətinə keçməsi bölgədə yeni reallıq yaradıb. Bu vəziyyət İrəvanı məğlubiyyətin nəticələrini qəbul etməyə və qalıcı sülh axtarmağa məcbur edib.

Razılaşmanın əsas müddəaları tərəflərin ərazi bütövlüyünü qarşılıqlı tanıması, sərhədlərin dəqiqləşdirilməsi, hüquqi iddialardan imtina və diplomatik münasibətlərin qurulmasını əhatə edir. Lakin danışıqlarda Naxçıvana dəhliz məsələsi və Ermənistan Konstitusiyasına dəyişiklik tələbi kimi çətin məqamlar hələ də qalır. ABŞ-ın vasitəçiliyi ilə dəhlizin təhlükəsizliyi üçün Vaşinqtona xüsusi inkişaf hüquqlarının verilməsi təklif olunub.

Sülh müqaviləsi hər iki xalq üçün böyük üstünlüklər vəd edir. Azərbaycanın ərazi bütövlüyü möhkəmlənəcək, Ermənistan isə yeni mümkün müharibə təhlükəsindən sığortalanacaq. Razılaşmanın tərkib hissəsi olaraq ABŞ-la enerji, infrastruktur və müdafiə sahəsində əməkdaşlıq genişlənə bilər. Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin açılması isə ölkəni regional ticarət və nəqliyyat şəbəkələrinə inteqrasiya edəcək.

“Orta Dəhliz” layihəsinin inkişafı nəticəsində Çin–Mərkəzi Asiya–Xəzər dənizi–Avropa xətti üzrə ticarətin genişlənməsi gözlənilir. Bu, həm də Rusiyanın postsovet məkanındakı təsirini zəiflədə bilər.

Bütün üstünlüklərə baxmayaraq, yekun sazişə qədər çətinliklər qalmaqdadır. Bakının gözlədiyi faydaların təmin olunmaması və ya Ermənistanda daxili siyasi gərginliklərin artması prosesi poza bilər. Qarabağdan köçən ermənilərin statusu, habelə bəzi ərazilərdən Azərbaycan qüvvələrinin çıxması ilə bağlı məsələlər də hələ açıq qalır.

Digər tərəfdən, Rusiyanın və İranın bölgədə ABŞ varlığını qəbul etməməsi əlavə risklər yaradır. Moskvanın son aylarda Bakı ilə gərgin münasibətləri və Ermənistanda təsir rıçaqlarını saxlamağa çalışması da buna nümunədir.

Bütün çətinliklərə baxmayaraq, imzalanan çərçivə razılaşması Cənubi Qafqazın ən qanlı münaqişələrindən birinin həllinə doğru böyük addım sayılır. Bu, həm Bakının, həm də İrəvanın siyasi iradəsi, eləcə də ABŞ və Fransanın diplomatik səyləri nəticəsində mümkün olub. Yeni razılaşma bölgədə tamamilə yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.

Sevinc Kərimova