Türkiyənin Fənərbağça basketbol klubu Avroliqa finalında Monakonu 81–70 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə Avropanın ən nüfuzlu basketbol turnirində çempion oldu.
Redaksiya xəbər verir ki, sarı-lacivərtlilər bu qələbə ilə həm klub tarixində, həm də Türkiyə basketbolunun beynəlxalq uğurlar salnaməsində mühüm bir yer tutdular. Fənərbağça ilk dəfə bu titulu 2017-ci ildə qazanmışdı.
Final öncəsi maraqlı anlardan biri də Fənərbağça–Monako oyunu başlamazdan əvvəl yaşandı. Final Four tədbiri çərçivəsində, Türkiyənin keçmiş sənaye və texnologiya naziri Mustafa Varank klub prezidenti Ali Koça Türkiyədən gətirilmiş paxlava daddırıb. Sosial mediada böyük maraqla qarşılanan bu jest, simvolik bir an kimi yadda qalıb.
Tarixçi prof. dr. Erhan Afyoncu isə bu uğurun səbəblərini belə izah edib:
“Türkiyə klubları basketbol və voleybolda böyük nailiyyətlər əldə edir. Bunun əsas səbəbi isə rəhbərlərin bu sahələrdən çox da baş çıxarmamalarıdır. Beləliklə, iş peşəkarlar tərəfindən idarə olunur və nəticə verir.”
Fənərbağçanın bu qələbəsi təkcə idman baxımından deyil, həm də peşəkar klub idarəetməsinin vacibliyini bir daha sübut etdi. Klub rəhbərliyi, texniki heyət və oyunçular bu uğura birgə zəhmət və intizamla imza atıblar.
Bu nəticə ilə Türkiyə basketbolu Avropa arenasında nüfuzunu daha da möhkəmləndirmiş oldu.
Fərid Əlizadə


