“Paho, Azərbaycanın ən gopçu politoloqu kimi tanınan Mübariz Əhmədoğlu da son günlərin mövzusu ilə bağlı müdrik fikirlərini səsləndirməyi vacib sayıb. Tipik bir məzhəbçi zehniyyətə sahib Mübariz Əhmədoğlu da daxil xeyli adamlar arqumentləri tükənəndə birdən-birə Türkiyədə diqqət çəkmək üçün guya Səfəvilər mövzusu müzakirəyə çıxaranların FETO və ya Gülənçiliklə əlaqəli olduğunu vurğulamağa çalışırlar. Bu mənə daha çox nəyi xatırladır? Demək hansısa sağlam fikrin önünün kəsilməsi üçün bunların düşünə biləcəkləri deyəsən başqa bir böhtan tapılmır”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa son günlər ən çox müzakirə olunan “Şah İsmayıl Xətai mövzusu”nda danışan siyasi şərhçi Mübariz Əhmədoğluya cavabında bildirib.
Qeyd edək ki, siyasi şərhçi Mübariz Əhmədoğlu mediadakı çıxışında Şah İsmayıl Xətai və Səfəvilər dövləti ətrafında qəsdən qızışdırılan bəzi mənfi kampaniyaların və Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək cəhdlərinin arxasında "Gülən şəbəkəsinin" (FETÖ) izlərinin və xarici missionerlərin maraqlarının dayandığını iddia edib. O, dolayısı ilə bu mövzunnu tez-tez önə çıxaran deputat Fazil Mustafanı FETÖ ilə əlaqələndirib.
Fazil Mustafa isə deyib ki, bəzi şəxslər səfəvi məsələsində Türkiyəyə qarşı nifrətlərini ört-bas etmək üçün anti-Osmanlı görüntüsü verməsinlər deyə yeni bir tendensiya tapıblar:
"Azərbaycanda yazdığı əsərlərində illərdir məzhəbçiliyin və təriqətçiliyin İslama vurduğu zərbəni açıq şəkildə ifadə edən Fazil Mustafaya xüsusi həyasızlıqla bu cür böhtanlar yönəldilməsi təsadüfi deyil. Qonşu dövlətin xüsusi xidmət orqanlarının şəxsimə qarşı 2023-cü ildə düzənlədiyi sui-qəsdi törədənlər etiraf edirdilər ki, onlara sosial şəbəkədə Fazil Mustafa ilə bağlı FETO böhtanının atılmasını xüsusi olaraq tapşırmışdılar. Bu istintaqda təsdiq olunan ifadələrdir. İndi baxıram ki, bu gopçu politoloq Mübariz Əhmədoğlu və digərləri həmin ittihamın sifarişini sanki terrorçularla eyni mənbədən almışlar. Maraqlıdır ki, biz Elçibəy məktəbni keçmiş insanlar üçün hansı müstəvidə oluruqsa olaq, Azərbaycanın dövlət maraqlarınından uca heç bir məqam tanımırırq. Bir Azərbaycan vətəndaşının bir Hizbullaçı, bir İŞİD-çı, bir FETO-çu, bir Qumçu, bir Gülənçi, PKK-çı, YPQ-çi olması və yaxud Azərbaycan və qardaş Türkiyənin maraqlarına qarşı çıxan digər məzhəbçi və təriqətçi olması şəxsən mənim anlayışıma görə Vətənin namusunu satmaq deməkdir. Dövlət də, millət də bizim bu Vətən üçün hansı fədakarlığı etdiyimizi, hətta canımızı necə ortaya qoyduğumuzu dəqiqliklə bilir. Belə namussuzluğu bəlkə də Mübariz Əhmədoğlu və başqa ona bənzərlər rahatlıqla edə bilərlər və yenə də onların qarşısında bu dövlətin marağını bizlər qoruyacağıq”, - F.Mustafa bildirib.
Deputat daha sonra əlavə edib:
“Bu şəxslərin xəstə düşüncələrini istənilən platformada darmadağın etmək mənim üçün qətiyyət çətinlik yaratmır, ancaq bunlar müzakirə yerinə üzərimizə böhtan və təhqirlə gəlirlər. Yazdığım, söylədiyim bütün fikirlərin arxasındayam, lazım bildiyim bütün platformalarda da Azərbaycan Respublikasının ali maraqlarının qorunması üçün yenə də vəzifəmdən, ictimai mövqeyimdən asılı olmadan ardıcıl mübarizə aparacağam. Yeni kitabımın Mübariz Əhmədoğlu və onun kimi geriçi ünsürlərin bütün içiboş nağıllarının ifşasını və dövlətimiz üçün zərərini daha aydın şəkildə göstərəcəkdir”.

Fazil Mustafa ilə Mübariz Əhmədoğlu arasında “müharibə” başladı
Aytac Dəniz · Cəmiyyət ·