F-1 Azərbaycan Qran-Prisində Ferstappen inamlı qələbə qazandı

F-1 Azərbaycan Qran-Prisində Ferstappen inamlı qələbə qazandı

Fərid Əlizadə · İdman ·

Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisində “Red Bull” pilotu Maks Ferstappen dominantlıq nümayiş etdirərək qələbə qazanıb. Yarışın startından finişə qədər liderliyini qoruyan niderlandlı pilot 51 dövrəni birinci tamamlayıb və rəqiblərinə şans verməyib.

Redaksiya xəbər verir ki, Ferstappenin ardınca “Mercedes” sürücüsü Corc Rassell ikinci, “Williams”dan Karlos Sains isə üçüncü olub. Podyuma bir addım qalmış Kimi Antonelli dördüncü yeri tutub. Gərgin mübarizədə “Racing Bulls”dan Liam Louson beşinci yeri qazanaraq karyerasının ən yaxşı nəticəsini göstərib. Yuki Tsunoda isə altıncı pillədə qərarlaşıb. “McLaren” sürücüsü Lando Norris isə yarışa yeddinci başlayıb və eyni mövqedə də finişə çatıb.

Çempionatın lideri Oskar Piastrinin yarışı uğursuz alınıb. Avstraliyalı pilot startda işıqları vaxtından əvvəl hərəkətə gətirdiyi üçün anti-stall sistemi aktivləşib və o, arxa sıraya düşüb. Elə birinci dövrədə 5-ci döngədə qəza edən Piastri yarışı dayandırıb. Bu nəticədən sonra Norris xallarını artırsa da, pilotlar çempionatında Piastri ilə fərqi yalnız 6 xal azalda bilib.