Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ və ətraf bölgələrdə həyata keçirilmiş layihələrlə bağlı sərt açıqlama verib.
Redaksiya Ermənistan mediasına istinadla xəbər verir ki, Paşinyan xüsusilə Qarabağ ətrafındakı ərazilərdən danışarkən orada ciddi inkişafın baş vermədiyini bildirib. Onun sözlərinə görə, tikildiyi iddia olunan bəzi layihələr reallıqda ümumiyyətlə mövcud olmayıb.
Paşinyan əlavə edib ki, Qarabağda həyata keçirilən layihələrin bir hissəsi Ermənistanın digər bölgələrində həyata keçirilməli olan işlərin hesabına maliyyələşdirilib. O, bunun ölkə daxilində balanssız inkişaf yaratdığını deyib.
Baş nazirin açıqlaması Ermənistanda keçmiş hakimiyyətlərin Qarabağ siyasəti və dövlət xərcləri ilə bağlı müzakirələrin yenidən gücləndiyi dövrə təsadüf edir. Paşinyan son aylarda dəfələrlə əvvəlki hakimiyyətləri resursların səmərəsiz istifadəsində ittiham edib.
Müxalifət isə Paşinyanın bu açıqlamalarını Qarabağ məsələsində məsuliyyəti keçmiş rəhbərlik üzərinə atmaq cəhdi kimi qiymətləndirir.
