İranın xarici işlər naziri Abbas Əraqçi Böyük Britaniyanın RAF Fairford aviabazası yaxınlığında baş verən təhlükəsizlik insidentində Tehranın rolunun olması ilə bağlı iddialarını rədd edib. Britaniyanın Baş naziri Endi Börnham hadisədə İranın iştirak etdiyinə dair "güclü əlamətlər" olduğunu bildirsə də, araşdırmanın hələ davam etdiyini vurğulayıb. Bu barədə Reuters və AP məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Əraqçi saxlanılan şəxslərin sonradan girov şərtləri ilə azad edilməsinə diqqət çəkərək, bunun Britaniya tərəfinin iddiaları ilə ziddiyyət təşkil etdiyini bildirib. İran XİN rəhbəri Londona müraciətlə "günahkarı yanlış yerdə axtarırsınız" deyib.
Hadisə RAF Fairford bazası yaxınlığında üç şübhəli avtomobilin aşkarlanmasından sonra baş verib. Beş Britaniya vətəndaşı terrorçuluq və partlayıcı maddələrlə bağlı şübhələr əsasında saxlanılıb, lakin avtomobillərdə partlayıcı maddə tapılmayıb. Polis yalnız müəyyən miqdarda benzin aşkar edib. Şübhəlilərin hamısı sonradan ciddi girov şərtləri ilə azad edilib.
Britaniya hökuməti İranın mümkün iştirakına dair konkret sübutları ictimaiyyətə açıqlamayıb. Hüquq-mühafizə orqanları araşdırmanın davam etdiyini və şübhəlilərin xarici dövlət adından hərəkət edib-etmədiyinin yoxlanıldığını bildirir.
RAF Fairford ABŞ hərbi aviasiyasının da istifadə etdiyi bazadır və son aylarda İranla bağlı əməliyyatlarda mühüm rol oynayıb. Tehran isə Britaniyanın ittihamlarını əsassız adlandıraraq insidentlə hər hansı əlaqəsinin olmadığını bəyan edib.
