Epşteyn qurbanı adının yayılmasına etiraz etdi

Epşteyn qurbanı adının yayılmasına etiraz etdi

Könül Məmmədova · Media ·

Ceffri Epşteyn işi üzrə zərərçəkənlərdən biri olan Roza ABŞ Konqresinin Floridada keçirilən dinləməsində adının ictimaiyyətə açıqlanmasına görə emosional çıxış edib.

Redaksiya Local 10 və WPTV-yə istinadla xəbər verir ki, illərlə “Jane Doe” (ABŞ-da nümunə ad olaraq istifadə edilir) adı altında kimliyini qoruyan Roza Ədliyyə Nazirliyinin yayımladığı Epşteyn sənədlərində adının 500-dən çox dəfə çəkildiyini bildirib. Onun sözlərinə görə, nüfuzlu şəxslərin adları redaktə ilə qorunduğu halda, qurbanların kimliyi lazımi şəkildə gizlədilməyib.

Roza çıxışında bildirib ki, sənədlər yayımlandıqdan sonra dünyanın müxtəlif ölkələrindən jurnalistlər onunla əlaqə saxlamağa başlayıb. O, artıq özünü təhlükəsiz hiss etmədiyini və daim arxasına baxaraq yaşamaq məcburiyyətində qaldığını deyib.

Dinləmədə digər Epşteyn qurbanları və şahidlər də çıxış edərək ABŞ Ədliyyə Nazirliyinin sənədləri necə yayımlaması ilə bağlı tənqidlər səsləndiriblər. Onlar qurbanların qorunmalı olduğunu, eyni zamanda Epşteyn şəbəkəsində adı keçən nüfuzlu şəxslərlə bağlı daha çox şəffaflıq tələb ediblər.

Epşteyn 2019-cu ildə seks alveri ittihamı ilə məhkəməni gözlədiyi vaxt həbsxanada ölü tapılmışdı. Onun yaxın tərəfdaşı Gileyn Maksvell isə 2022-ci ildə 20 il həbs cəzası almışdı.