Daşınmaz əmlakın peşəkar qiymətləndirilməsində torpaq sahəsinin ən səmərəli və ən yaxşı istifadəsinin müəyyən edilməsi əsas prinsiplərdən biridir. Beynəlxalq qiymətləndirmə praktikasında “Highest and Best Use” (HBU) adlandırılan bu yanaşma torpağın mövcud vəziyyətini deyil, onun hüquqi, fiziki və iqtisadi imkanları çərçivəsində hansı məqsədlə istifadə edildikdə daha yüksək dəyər yaradacağını müəyyənləşdirməyə imkan verir. Bu barədə əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.
Redaksiya xəbər verir ki, ekspertin sözlərinə görə, torpaq sahəsinin ən səmərəli istifadəsi dörd fundamental meyar əsasında müəyyən olunur. Bunlar hüquqi mümkünlük, fiziki mümkünlük, maliyyə baxımından əsaslandırılma və maksimum məhsuldarlıqdır.
Fərid Cəfərli bildirib ki, ilk növbədə torpaq sahəsinin hüquqi statusu və istifadə imkanları araşdırılmalıdır. Buraya torpağın təyinatı, şəhərsalma sənədləri, tikinti normaları, mühafizə zonaları və digər qanunvericilik məhdudiyyətləri daxildir.
Ekspertin sözlərinə görə, torpaq sahəsində yaşayış binasının tikintisinə hüquqi baxımdan icazə verilmirsə, həmin ərazi üçün yaşayış layihəsini ən yaxşı istifadə variantı hesab etmək düzgün deyil.
İkinci mühüm meyar fiziki mümkünlükdür. Bu mərhələdə torpağın sahəsi, forması, relyefi, geoloji xüsusiyyətləri, yola çıxışı və mühəndis-kommunikasiya təminatı qiymətləndirilir.
Fərid Cəfərli qeyd edib ki, böyük əraziyə malik torpaq sahəsi belə, əlverişsiz forması, mürəkkəb relyefi və ya texniki məhdudiyyətləri səbəbindən müəyyən tikinti layihələri üçün yararsız ola bilər.
Üçüncü mərhələdə alternativ istifadə variantlarının maliyyə baxımından əsaslandırılması həyata keçirilir. Bunun üçün tikinti, maliyyələşdirmə, istismar və digər xərclər hesablanır, bazar tələbi və gözlənilən gəlirlilik göstəriciləri təhlil edilir.
Ekspert vurğulayıb ki, hər hansı layihənin yüksək gəlir vəd etməsi onun avtomatik olaraq iqtisadi cəhətdən səmərəli olduğunu göstərmir. Layihənin reallaşdırılması üçün tələb olunan investisiya və gözlənilən maliyyə nəticələri birlikdə qiymətləndirilməlidir.
Dördüncü meyar maksimum məhsuldarlıqdır. Bu mərhələdə hüquqi, fiziki və maliyyə tələblərinə cavab verən alternativlər müqayisə olunur. Nəticədə torpağın qalıq dəyərini ən yüksək səviyyəyə çatdıran istifadə forması müəyyən edilir.
Fərid Cəfərli nümunə olaraq şəhərin inkişaf edən ərazisində yerləşən torpaq sahəsini göstərib. Belə ərazi üçün yaşayış binası, kommersiya obyekti və ya qarışıq təyinatlı layihə alternativləri nəzərdən keçirilə bilər.
Lakin ekspertin fikrincə, ən yüksək gəlir vəd edən layihə bütün hallarda ən yaxşı istifadə variantı sayılmır. Həmin layihə hüquqi cəhətdən mümkün, fiziki baxımdan reallaşdırıla bilən və maliyyə baxımından əsaslandırılmış olmalıdır.
“HBU təhlili torpaq qiymətləndirməsində sadəcə texniki prosedur deyil, investisiya qərarının iqtisadi əsasını formalaşdıran strateji yanaşmadır. Bu metod torpağın bugünkü istifadəsi ilə onun real iqtisadi potensialı arasındakı fərqi üzə çıxarır və investorun yanlış qərar vermə riskini azaldır”, – deyə Fərid Cəfərli bildirib.
Ekspert hesab edir ki, peşəkar qiymətləndirmənin əsas məqsədi torpağın yalnız hazırkı vəziyyətini və bazar qiymətini müəyyən etmək deyil, onun real imkanlar daxilində hansı iqtisadi potensiala malik olduğunu üzə çıxarmaqdır.
Onun sözlərinə görə, torpağın ən yaxşı istifadəsi hüquqi baxımdan mümkün, fiziki cəhətdən həyata keçirilə bilən, maliyyə cəhətdən əsaslandırılmış və digər alternativlərlə müqayisədə ən yüksək iqtisadi dəyər yaradan istifadə formasıdır.
