Kəlbəcər Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini və milli kimliyini özündə birləşdirən strateji əhəmiyyətli bölgələrdən biridir.
Bu diyarın tarixi keçmişi minilliklərin dərinliklərinə gedib çıxır və ərazidə aşkar edilmiş arxeoloji nümunələr xalqımızın qədim məskunlaşma tarixini təsdiqləyir. Tərtər çayı boyunca yerləşən süni mağaralar, qayaüstü təsvirlər və qədim türk əlifbasının nümunələri Kəlbəcərin tarixi-mədəni əhəmiyyətini daha da artırır. Bölgənin zəngin tarixi irsi onun Azərbaycanın milli-mədəni yaddaşında xüsusi yer tutduğunu göstərir. Lakin bu qədim diyar uzun illər Ermənistanın hərbi təcavüzünün və işğal siyasətinin ağır nəticələri ilə üzləşmişdir.
1993-cü il aprelin 2-də Kəlbəcərin işğal edilməsi Azərbaycan xalqının yaddaşında dərin iz buraxan faciəli hadisələrdən biri olmuşdur. İşğal nəticəsində yüzlərlə dinc sakin həyatını itirmiş, yüzlərlə insan əsir və itkin düşmüş, on minlərlə vətəndaş doğma yurdlarından didərgin salınmışdır. Bölgənin sosial infrastrukturu, tarixi-mədəni abidələri və iqtisadi potensialı ciddi dağıntılara məruz qalmışdır. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu işğal BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərinin yerinə yetirilməməsi ilə daha da mürəkkəbləşmişdir. Ermənistanın həmin qətnamənin icrasından yayınması beynəlxalq hüququn təmin olunmasında mövcud olan ikili standartların bariz nümunəsinə çevrilmişdir. Buna baxmayaraq, Azərbaycan dövləti öz ərazi bütövlüyünün bərpası istiqamətində prinsipial mövqeyindən geri çəkilməmişdir. 2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi qüdrətini və xalqın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirmişdir. Müharibənin gedişində Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin nəzarətə götürülməsi bölgənin azad edilməsində mühüm hərbi üstünlük yaratmışdır.
Azərbaycan Ordusunun uğurlu əməliyyatları Ermənistan silahlı qüvvələrinin hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırmışdır. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın nəticələrinə uyğun olaraq noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılmışdır. Bu hadisə hərbi və diplomatik strategiyanın uzlaşdırılmasının, dövlət rəhbərliyinin qətiyyətli siyasətinin mühüm nəticəsi olmuşdur. Kəlbəcərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə yanaşı, tarixi ədalətin bərpası baxımından da böyük əhəmiyyət daşıyır. Bu gün 25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi qeyd edilməsi həmin tarixi hadisənin dövlətçilik tariximizdəki yerini daha da möhkəmləndirir. Kəlbəcərin dirçəldilməsi və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması Azərbaycanın milli həmrəyliyinin və quruculuq əzminin təcəssümüdür. Kəlbəcər artıq yalnız keçmişin ağrılarını xatırladan bir məkan deyil, müstəqil Azərbaycanın qalibiyyətinin və gələcəyə inamının rəmzidir.
Amid Şahbazov
Neftçala rayonu
