Kəlbəcərin tarixi taleyi Azərbaycanın son onilliklərdə üzləşdiyi işğal və münaqişə reallıqlarının mühüm səhifələrindən biridir. 1993-cü il aprelin 2-də rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulması idi.
İşğal zamanı 511 dinc sakinin öldürülməsi, 321 nəfərin əsir götürülməsi və itkin düşməsi faciənin ağır humanitar nəticələrini ortaya qoyur. Rayonun əhalisinin ölkənin müxtəlif bölgələrində məskunlaşmağa məcbur edilməsi minlərlə insanın həyatında uzunmüddətli sosial və mənəvi problemlər yaratmışdır. İşğal nəticəsində məktəblərin, xəstəxanaların, kitabxanaların və digər ictimai obyektlərin dağıdılması bölgənin sosial inkişafına ciddi zərbə vurmuşdur. Tarixi-mədəni abidələrin talan edilməsi və təbii sərvətlərin qanunsuz istismarı da bu siyasətin ağır nəticələri sırasında olmuşdur.
BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamədə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb edilirdi. Lakin qətnamənin uzun illər icra olunmaması beynəlxalq hüququn tətbiqindəki ciddi problemləri nümayiş etdirdi. Ermənistanın 1999-cu ildən başlayaraq işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti aparması vəziyyəti daha da mürəkkəbləşdirmişdir. Azərbaycan isə bütün bu illər ərzində beynəlxalq hüquqa əsaslanan mövqeyini qoruyaraq ərazi bütövlüyünün bərpasını əsas dövlət prioriteti kimi müəyyən etmişdir. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Qələbə bu məqsədin reallaşdırılmasında həlledici mərhələ oldu. Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi peşəkarlıq və qəhrəmanlıq dövlətin hərbi potensialının yüksək səviyyədə olduğunu təsdiqlədi.
Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin nəzarətə götürülməsi hərbi əməliyyatların uğurlu planlaşdırılmasının mühüm nümunəsi idi. Nəticədə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat əsasında noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Bu hadisə uzun illər doğma yurd həsrəti ilə yaşayan Kəlbəcər sakinlərinin qəlbində yeni ümidlər yaratdı. Rayonun boşaldılması zamanı yaşayış evlərinin və mülki obyektlərin yandırılması, təbii mühitə ziyan vurulması işğalın dağıdıcı nəticələrini bir daha nümayiş etdirdi. Azərbaycan dövləti bu gün azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri aparmaqla dağıntılara qarşı inkişaf modelini ortaya qoyur. Kəlbəcərin yenidən qurulması yalnız regional layihə deyil, həm də beynəlxalq hüquqa, tarixi ədalətə və milli suverenliyə əsaslanan dövlət siyasətinin nəticəsidir. Bu baxımdan 25 Noyabr Azərbaycan xalqının mübarizə əzminin, dövlət qətiyyətinin və ədalətin gec də olsa bərpa olunmasının rəmzi kimi xüsusi məna daşıyır.
Elşad Əzizov
Neftçala rayonu
