Durov “terrorçu” obrazlı memi avatar seçib

Durov “terrorçu” obrazlı memi avatar seçib

Yulduz Səlimov · Media ·

“Telegram”ın təsisçisi Pavel Durov hesabının avatarını dəyişərək özünün “terrorçu” obrazında təsvir edildiyi memi yerləşdirib. Dəyişiklik Rusiya hakimiyyətinin ona qarşı terror fəaliyyətinə yardım ittihamı irəli sürməsi fonunda baş verib.

Redaksiya xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Durovu terror fəaliyyətinə yardım göstərməkdə ittiham edib və onun beynəlxalq axtarışa verildiyini bildirib. Rusiya tərəfi “Telegram”dakı bəzi kanalların, çatların və botların Ukrayna xüsusi xidmətləri və ekstremist qruplar tərəfindən istifadə edildiyini iddia edir.

Durov daha əvvəl ona qarşı açılan cinayət işini Rusiya vətəndaşlarının “Telegram”a çıxışını məhdudlaşdırmaq və şəxsi həyatın toxunulmazlığına təzyiq göstərmək cəhdi adlandırmışdı. O, Rusiya hakimiyyətinin platformaya qarşı hər gün yeni bəhanələr yaratdığını bildirmişdi.

Avatarın dəyişdirilməsi Durovun ittihamlara istehzalı reaksiyası kimi qiymətləndirilir. Bununla belə, o, beynəlxalq axtarış qərarı və irəli sürülən ittihamların mahiyyəti barədə ayrıca geniş açıqlama verməyib.