Durov Rusiyanın “terrorçu” qərarına istehza edib

Durov Rusiyanın “terrorçu” qərarına istehza edib

Nizami Salmanov · Media ·

“Telegram”ın təsisçisi Pavel Durov Rusiyada “terrorçu” elan edilməsini platformada kütləvi nəzarət və senzura tələblərini qəbul etməməsi ilə əlaqələndirib. O, Rusiya hakimiyyətinin “Telegram” istifadəçiləri üzərində genişmiqyaslı nəzarət qurmaq istədiyini iddia edib.

Redaksiya xəbər verir ki, Durov Rusiya qanunvericiliyinə əsasən ona internetdə məlumat yaymağın qadağan edildiyini bildirib. O, bu qərara istehza ilə yanaşaraq Rusiya rəsmilərinin internetdə kimin kimə qadağa qoya biləcəyi məsələsində çaşqınlıq yaşadığını deyib.

Durov daha əvvəl də “Telegram”ın yazışmaların məxfiliyini zəiflədəcək və istifadəçilərin məlumatlarını geniş şəkildə dövlət qurumlarına açacaq tələbləri qəbul etməyəcəyini bildirmişdi. Platforma rəhbəri məxfilik və ifadə azadlığını “Telegram”ın əsas prinsipləri kimi təqdim edir.

Rusiya tərəfi isə “Telegram”dakı bəzi kanalların, çatların və botların terrorçular, ekstremist qruplar və xarici xüsusi xidmət orqanları tərəfindən istifadə olunduğunu iddia edir. Durova qarşı irəli sürülən ittihamlarla bağlı hüquqi prosesin detalları və qərarın beynəlxalq səviyyədə necə icra ediləcəyi barədə tam məlumat açıqlanmayıb.