ABŞ-ın Utah ştatında anadan olmuş Oracle şirkətinin həmtəsisçisi və keçmiş baş icraçı direktoru Lerri Ellison 10 sentyabr tarixində dünyanın ən zəngin adamı elan edilib. Onun informasiya texnologiyaları şirkətinin səhmlərinin sürətli artımı cəmi bir gün ərzində sərvətini 101 milyard dollar artıraraq ümumilikdə 393 milyard dollara çatdırıb. Bu artım ona bir günlüyə İlon Maskı milyarderlər siyahısında qabaqlamağa imkan verib.
Redaksiya xəbər verir ki, Ellison 48 yaşında bioloji anası ilə ilk dəfə görüşüb. O, 17 avqust 1944-cü ildə Nyu-Yorkda dünyaya gəlib. Onun anası, 19 yaşlı Florens Spellman, subay yəhudi qızı olub. Uşaq dünyaya gəlməzdən əvvəl atasını – Hərbi Hava Qüvvələrinin pilotunu – xaricə ezam ediblər. Florens oğlunu tək böyütməyəcəyini anlayaraq, onu Çikaqoda yaşayan bacısı və həyat yoldaşına verib. Ellison yalnız 12 yaşında övladlığa götürüldüyünü öyrənib, 48 yaşında isə ilk dəfə bioloji anası ilə görüşüb.
O, aviasiya həvəskarıdır və bu marağı atasından miras alıb. Lisenziyalı pilot kimi müxtəlif təyyarələrə sahibdir. Şəxsi aviaparkında hətta hərbi təyyarələr — İtaliya istehsalı SIAI-Marchetti S.211 və ABŞ hakimiyyət orqanlarının idxalına qadağa qoymasına baxmayaraq öz anqarında saxladığı sovet istehsalı MiQ-29 da var. Ellison bir dəfə San-Xose hava limanında gecə enişinə qoyulan qadağaya qarşı məhkəmədə iddia qaldırıb, sübut edib ki, onun Gulfstream V təyyarəsi normalara uyğundur, lakin ümumi qadağa qüvvədə qalıb.
Ellison eyni zamanda səyahət və yelkənli idmana böyük maraq göstərir. 2004-cü ildə onun üçün 138 metrlik “Rising Sun” yaxtası inşa edilib və həmin vaxt bu gəmi dünyanın ən böyük şəxsi yaxtalarından biri olub. Daha sonra o, həmin gəmini sataraq daha kiçik, lakin lüks sayılan “Musashi” yaxtasını alıb. Bu yaxtanın xüsusiyyətlərindən biri də üzərində basketbol meydançasının yerləşməsidir. Məlumata görə, milyarder tez-tez təkbaşına basketbol oynayır və topları dənizdən çıxarmaq üçün xüsusi adam işə götürür. Onun rəhbərliyi altındakı Oracle Team komandası isə Amerika Kuboku reqatasında 2010 və 2013-cü illərdə qələbə qazanıb. Ellison özü də 1998-ci ildə Sidney-Hobart yarışında “Sayonara” yaxtasının kapitanı kimi iştirak edib. Güclü tufana baxmayaraq, komandası birincilik əldə edib.
Ellison şəxsi həyatında altı dəfə evlənib. İlk həyat yoldaşı Adda Kuinnlə nikahı 1967-ci ildən 1974-cü ilə qədər davam edib. Daha sonra iki il davam edən evliliklə Nensi Uiler Cenkinslə ailə qurub. Boşanma zamanı Ellison gələcəkdə Oracle şirkətinin paylarını ondan cəmi 500 dollara alıb. Milyarderin övladlarının anası isə sabiq katibəsi Barbra But olub; cütlük üçillik evlilikləri ərzində oğlu Devid və qızı Meqanı dünyaya gətirib. Sonra Ellison uzun müddət rəsmi münasibətlərdən uzaq qalıb, 2003-cü ildə yazıçı Melani Kraft ilə ailə qurub. Toy mərasimi ABŞ konqresmeni Tom Lantos tərəfindən aparılıb, fotoqraf isə Stiv Cobs olub.
Milyarderin beşinci həyat yoldaşı isə 47 yaş kiçik olan amerikalı-ukraynalı model Nikita Kan olub. Onların altı il davam edən münasibəti qısa sürən nikahla başa çatıb, ardınca isə dörd il davam edən boşanma prosesi gedib. 2024-cü ildə isə Ellisonun yeni seçilmiş sevgilisi — Miçiqan Universitetinin məzunu, Çindən olan Cölin (Keren Çju) barədə məlumat yayılıb.
