ABŞ-ın Florida ştatında bir qadın Claude çatbotunda şerif ofisinə silahlı hücum etmək istədiyini yazdıqdan sonra saxlanılıb və ona qarşı cinayət işi başlanıb. Qadının süni intellekt çatını şəxsi gündəlik kimi istifadə etdiyini bildirdiyi qeyd olunur. Bu barədə Tom's Hardware məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Bonita Springs sakini Karli Mişel Heller sentyabrın 26-da Claude ilə söhbətində Li dairəsi şerifinin ofisinə hücum edəcəyini yazıb. Ertəsi gün isə onun yeni silah əldə etdiyinə dair mesaj yazdığı bildirilir.
Məlumata görə, Claude-un təhlükəsizlik sistemi mesajları avtomatik olaraq potensial təhlükə kimi işarələyib. Bundan sonra söhbət Anthropic əməkdaşı tərəfindən yoxlanılıb və təhdidin ciddi ola biləcəyi qənaətinə gəlinərək məlumat hüquq-mühafizə orqanlarına təqdim edilib. Yəni məlumatı birbaşa çatbotun özü polisə göndərməyib, prosesə insan nəzarətçisi də cəlb olunub.
Florida polisi Helleri yazılı və ya elektron formada kütləvi zorakılıq və ya terror aktı ilə hədələməkdə ittiham edib. Bu əməl Florida qanunvericiliyinə əsasən ağır cinayət hesab olunur. İttihamın məhkəmədə sübuta yetirilməsi isə hələ qarşıdadır.
İstintaq materiallarında Claude ilə aparılmış söhbətlərin də sübut kimi istifadə edildiyi bildirilir. Hadisə süni intellekt çatlarında yazılan məlumatların müəyyən hallarda tam məxfi qalmaya biləcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Anthropic-in məxfilik siyasətinə görə, şirkət ciddi insan və ya əmlak təhlükəsinin qarşısını almaq üçün zəruri hesab etdiyi hallarda məlumatları hüquq-mühafizə orqanları ilə paylaşa bilər. Mətbuatda bunun son aylarda polisə çatdırılan ən azı üçüncü oxşar Claude söhbəti olduğu bildirilir.
