Avropa Cənub Rəsədxanası Çilinin Atakama səhrasındakı Serro Armazones dağında dünyanın ən güclü optik teleskoplarından birini inşa edir. “Extremely Large Telescope” adlanan qurğu dəniz səviyyəsindən 3 046 metr yüksəklikdə yerləşəcək. Bu barədə Avropa Cənub Rəsədxanası məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, teleskopun əsas güzgüsünün diametri 39 metr olacaq. Güzgü vahid hissə kimi deyil, hər birinin eni təxminən 1,45 metr olan 798 altıbucaqlı seqmentdən formalaşdırılacaq. Bu hissələr yüksək dəqiqliklə sinxronlaşdırılaraq vahid optik səth kimi işləyəcək.
Teleskopun M4 adlanan 2,4 metrlik adaptiv güzgüsü atmosferdəki dəyişikliklərin görüntüyə təsirini azaltmaq üçün istifadə olunacaq. Minlərlə idarəetmə elementi güzgünün formasını sürətlə dəyişərək ulduz işığındakı təhrifləri və teleskopdakı titrəyişləri kompensasiya edəcək.
ELT görünən və infraqırmızı diapazonlarda müşahidələr aparacaq. Onun əsas elmi məqsədləri arasında erkən qalaktikaların öyrənilməsi, qara dəliklərin araşdırılması və yaxın ulduzların yaşayış zonasındakı bəzi ekzoplanetlərin birbaşa görüntülənməsi var. Teleskop planet atmosferlərində su, metan, karbon qazı və oksigen kimi maddələrin izlərini axtarmağa imkan verə bilər.
Tikintidə yaranan gecikmələrdən sonra teleskopun ilk sınaq müşahidələrinin 2029-cu ilin əvvəlində aparılması, “ilk işıq” mərhələsinin isə həmin ilin martında baş tutması planlaşdırılır. İlk tam elmi müşahidələrin 2030-cu ilin dekabrında başlanacağı gözlənilir.
