Dünya mediası Putinin Çin səfərini ABŞ-a mesaj kimi görür

Dünya mediası Putinin Çin səfərini ABŞ-a mesaj kimi görür

Könül Məmmədova · Media ·

Dünya mediası Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərini Moskva-Pekin münasibətlərinin güclənməsi və ABŞ-la geosiyasi rəqabət fonunda qiymətləndirib.

Redaksiya xəbər verir ki, Al Jazeera Putinin Pekinə gəlişinin ABŞ Prezidenti Donald Trampın Çindən ayrılmasından cəmi bir gün sonra elan edilməsinə diqqət çəkib. Kanal bu səfəri “Rusiya və Çin niyə bir-birinə lazımdır?” sualı üzərindən şərh edib.

Reuters isə görüşü “çay diplomatiyası” kimi təqdim edib. Agentlik yazır ki, Si Cinpin və Putin Pekində həm ikitərəfli, həm də beynəlxalq məsələləri müzakirə edəcək, görüşün kulminasiyası isə “köhnə dostların” çay süfrəsi arxasında qeyri-rəsmi söhbəti olacaq.

The Washington Post isə ardıcıl ABŞ və Rusiya prezidentlərinin Pekinə səfərlərinin Si Cinpinin qlobal çəkisini artırdığını qeyd edib. Nəşr yazır ki, bu proses Çin liderinin artıq dünya siyasətində hesablaşılmalı əsas fiqurlardan birinə çevrildiyini göstərir.

Eyni zamanda Qərb mediası Moskva və Pekin arasında əməkdaşlığın dərinləşməsi fonunda qarşılıqlı etimad məsələsinə də diqqət çəkir. Təhlillərdə bildirilir ki, Rusiya və Çin ABŞ-a qarşı ortaq mövqelər nümayiş etdirsələr də, tərəflər arasında maraq fərqləri və ehtiyatlılıq qalır.

Putinin Çin səfəri Moskva və Pekinin Qərb təzyiqləri fonunda siyasi, iqtisadi və enerji əməkdaşlığını daha da gücləndirməyə çalışdığı mərhələyə təsadüf edir.