Danimarka məktəblərdə süni intellektdən istifadə etməklə köçürmə hallarının qarşısını almaq üçün yeni tədbirlər tətbiq edir. Yeni qaydalar əsasən 16-19 yaşlı yuxarı orta məktəb şagirdlərini əhatə edəcək. Bu barədə CNN məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, yeni qaydalara əsasən, şagirdlər evdə hazırladıqları mühüm yazılı imtahan işlərini bundan sonra şifahi şəkildə müdafiə etməli olacaqlar. Məqsəd təqdim edilən işin həqiqətən şagirdin öz bilik və bacarıqlarını əks etdirib-etdirmədiyini müəyyənləşdirməkdir. Hər il təxminən 9 min şagirdin bu qaydanın şamil olunacağı böyük yazılı tapşırıq hazırladığı bildirilir.
Danimarka hökumətinin planına əsasən, məktəblərdə yazılı tapşırıqların daha çox nəzarət olunan şəraitdə yerinə yetirilməsi təşviq ediləcək. Eyni zamanda, yazılı imtahanlar zamanı şagirdlərin kompüterlərdən necə istifadə etdiyini izləmək üçün nəzarət vasitələrinin tətbiqi və məktəb şəbəkələrində müəyyən internet resurslarına çıxışın məhdudlaşdırılması nəzərdə tutulur.
Danimarkanın təhsil naziri Maqnus Hoynike bildirib ki, süni intellekt vasitələrindən istifadə etməklə köçürmə yuxarı orta məktəblərdə ciddi problemə çevrilib. Onun sözlərinə görə, hökumət süni intellektin şagirdlərin bilik, peşəkarlıq və müstəqil düşünmə qabiliyyətinə mənfi təsir göstərməsinin qarşısını almaq niyyətindədir.
Bununla yanaşı, Danimarka hökuməti məktəblərdə və ümumilikdə təhsil sektorunda süni intellektdən istifadəyə dair milli strategiya hazırlayır. Strategiyanın süni intellektin tədrisdə faydalı vasitə kimi istifadəsi ilə akademik qaydaların pozulmasının qarşısının alınması arasında tarazlıq yaratması nəzərdə tutulur.
