İlon Mask Zelenskini Starlink-in istifadə şərtlərini pozmaqda ittiham edib

İlon Mask Zelenskini Starlink-in istifadə şərtlərini pozmaqda ittiham edib

Sevinc Kərimova · Media ·

Amerikalı milyarder İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskini Starlink peyk internet sistemindən hücum məqsədli dron əməliyyatlarında istifadə etməklə xidmətin şərtlərini pozmaqda ittiham edib. Mask bildirib ki, Zelenski Starlink-in hərbi zərbələr üçün istifadə olunduğunu özü etiraf edib.

Redaksiya məlumat verir ki, İlon Mask X sosial şəbəkəsində Zelenskinin oktyabrın 16-da paylaşdığı məlumatın ekran görüntüsünü yayımlayıb. Həmin paylaşımda Ukrayna Prezidenti Starlink sistemindən orta məsafədə yerləşən hərbi hədəflərə dron zərbələri endirmək üçün istifadə olunduğunu bildirib.

“Bütün axmaqlar üçün: Zelenski özü Starlink-dən dronlarla hücum əməliyyatlarında istifadə edildiyini açıqlayıb. Bu isə həmişə Starlink-in istifadə şərtlərinə zidd olub”, – deyə Mask yazıb.

Amerikalı sahibkar daha əvvəl də Ukrayna Silahlı Qüvvələrinin Starlink sistemindən hücum xarakterli əməliyyatlarda istifadəsinə heç vaxt icazə verilmədiyini bildirmişdi.

Məlumata görə, Maskın rəhbərlik etdiyi SpaceX şirkəti ötən həftə Starlink terminallarının fəaliyyətinə müəyyən məhdudiyyətlər tətbiq edib. Kiyev rəsmilərinin iddiasına əsasən, bu qərar Ukrayna ordusunun bəzi hərbi əməliyyatlarının baş tutmamasına səbəb olub.

Starlink sistemi Ukrayna ordusu tərəfindən rabitənin təmin edilməsi və pilotsuz uçuş aparatlarının idarə olunması üçün istifadə edilir. Lakin Maskın açıqlamasına görə, xidmətin hücum məqsədli əməliyyatlarda tətbiqi şirkətin müəyyən etdiyi istifadə qaydalarına ziddir.

Maskın Zelenskiyə yönəltdiyi ittihamlar Starlink texnologiyasının hərbi məqsədlərlə istifadəsinə dair məhdudiyyətlər və SpaceX şirkətinin bu sahədəki siyasəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.