Çıxarışsız mənzil almaq təhlükəlidirmi? Ekspert riskləri açıqladı

Çıxarışsız mənzil almaq təhlükəlidirmi? Ekspert riskləri açıqladı

Aytac Dəniz · Media ·

Azərbaycanda yeni tikililərdən mənzil alan vətəndaşların üzləşə biləcəyi 7 əsas hüquqi risk açıqlanıb. Mənzil-tikinti kooperativlərindən (MTK) daşınmaz əmlak alarkən sənədlərin düzgün yoxlanılmaması gələcəkdə mülkiyyət hüququnun rəsmiləşdirilməsində ciddi problemlər yarada bilər. Bu barədə əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.

Redaksiya xəbər verir ki, ekspertin sözlərinə görə, vətəndaşlar mənzil seçərkən əsasən binanın yerləşməsinə, qiymətinə və təmirinə diqqət yetirirlər. Halbuki mənzilin hüquqi təhlükəsizliyi ən azı bu amillər qədər əhəmiyyətlidir.

Fərid Cəfərli MTK-dan mənzil alarkən nəzərə alınmalı olan 7 əsas hüquqi riski açıqlayıb.

Birinci risk tikintinin hüquqi əsaslarının yoxlanılmamasıdır. Ekspert bildirir ki, binanın yerləşdiyi torpaq sahəsinin hüquqi statusu, təyinatı və tikintiyə verilmiş icazələr mütləq araşdırılmalıdır. Binanın faktiki olaraq tikilməsi onun qanuni tikili olduğunu avtomatik təsdiqləmir.

İkinci risk binanın istismara qəbul edilməməsidir. Vətəndaş mənzilin dəyərini tam ödəsə belə, bina qanunvericiliyin tələblərinə uyğun istismara qəbul edilməyibsə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması çətinləşə bilər.

Üçüncü risk müqavilənin hüquqi baxımdan düzgün tərtib edilməməsidir. Müqavilədə mənzilin nömrəsi, mərtəbəsi, sahəsi, təhvil verilmə müddəti, ödəniş şərtləri və gecikməyə görə məsuliyyət dəqiq göstərilməlidir. Bu məlumatların olmaması gələcək mübahisələrdə alıcının hüquqlarını müdafiə etməsini çətinləşdirə bilər.

Dördüncü risk eyni mənzilin bir neçə şəxsə satılması ehtimalıdır. Ekspertin sözlərinə görə, mənzilin alıcıya göstərilməsi həmin əmlakın hüquqi baxımdan yalnız ona ayrıldığı anlamına gəlmir. Buna görə də MTK-nın daxili sənədləri, bağlanmış müqavilələr və mənzilin hüquqi statusu yoxlanılmalıdır.

Beşinci risk pay haqqının ödənilməsinin düzgün rəsmiləşdirilməməsidir. Fərid Cəfərli xatırladıb ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112-ci maddəsinə əsasən, MTK üzvü pay haqqını tam ödədikdə yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Lakin həmin hüququn dövlət reyestrində rəsmiləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlər də tələb olunur.

Altıncı risk MTK rəhbərliyinin səlahiyyətləri və sənədlərin etibarlılığı ilə bağlıdır. Müqaviləni imzalayan şəxsin səlahiyyəti, kooperativin qərarları, ümumi yığıncağın protokolları və mənzilin konkret alıcıya ayrılmasını təsdiqləyən sənədlər diqqətlə araşdırılmalıdır.

Yeddinci risk mənzilin faktiki vəziyyəti ilə hüquqi sənədlərdə göstərilən məlumatların fərqlənməsidir. Mənzilin sahəsi, planı, təyinatı və ümumi istifadə sahələri layihə sənədləri ilə müqayisə edilməlidir. Əks halda alıcı əlavə xərclərlə və hüquqi problemlərlə üzləşə bilər.

Ekspert vətəndaşlara MTK ilə müqavilə bağlamazdan və ödəniş etməzdən əvvəl bütün sənədləri müstəqil hüquqşünasa yoxlatdırmağı tövsiyə edib.

“Çıxarışsız mənzil həmişə qanunsuz mənzil demək deyil, amma müqavilənin və ödəniş qəbzinin olması da öz-özlüyündə vətəndaşın bütün mülkiyyət risklərini aradan qaldırmır”, – deyə Fərid Cəfərli vurğulayıb.

Onun sözlərinə görə, mənzil alarkən əsas məsələ yalnız qiymət deyil, həmin əmlak üzərində mülkiyyət hüququnun qanuni və problemsiz şəkildə rəsmiləşdirilməsinin mümkün olub-olmamasıdır.

“Daşınmaz əmlak bazarında ən bahalı səhv ucuz mənzil almaq deyil, hüquqi təminatı olmayan mənzilə bütün vəsaitini yatırmaqdır”, – deyə ekspert xəbərdarlıq edib.