Çin Xalq Respublikasının Sədri Si Tsinpin Rusiya Prezidenti Vladimir Putinlə görüşündə iki ölkə arasındakı münasibətlərin geniş inkişaf perspektivlərinə malik olduğunu və dünyada baş verən dəyişikliklərdən asılı olmadığını bildirib.
Redaksiya xəbər verir ki, Si Tsinpin Rusiya lideri ilə keçirilən görüşü rəmzi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirib. O, Moskva və Pekin arasında münasibətlərin sabitliyini və uzunmüddətli əməkdaşlıq imkanlarını xüsusi vurğulayıb.
Çin lideri ölkəsinin Rusiya ilə birlikdə Asiya-Sakit okean regionunun inkişafı və rifahı naminə çalışmağa hazır olduğunu bəyan edib.
Si Tsinpin Rusiya-Çin münasibətlərini çətin hava şəraitinə baxmayaraq yoluna davam edən gəmiyə bənzədib.
“Rusiya ilə Çin arasındakı münasibətlər bütün çətinliklərə və fırtınalara baxmayaraq sabitliyini qoruyan gəmi kimidir”, – deyə Çin lideri bildirib.
O, iki ölkə arasında əməkdaşlığın beynəlxalq vəziyyətdəki dəyişikliklərdən asılı olmayaraq davamlı inkişaf perspektivlərinə malik olduğunu vurğulayıb.
