Süni intellekt Java-da serverləri ələ keçirməyə imkan verən boşluq aşkarlayıb

Süni intellekt Java-da serverləri ələ keçirməyə imkan verən boşluq aşkarlayıb

Fərid Əlizadə · Media ·

ABŞ-ın Calif kibertəhlükəsizlik şirkətinin mütəxəssisi Kuanq Luonq OpenAI-nin Codex süni intellekt sistemindən istifadə edərək Java proqramlaşdırma platformasında serverlərin ələ keçirilməsinə imkan yaradan ciddi təhlükəsizlik boşluğu aşkarlayıb. Mütəxəssis zəifliyi təxminən bir saata müəyyənləşdirib, daha iki saat ərzində isə işlək hücum mexanizmi hazırlayıb. Bu barədə Calif şirkəti məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, araşdırma zamanı Java-nın əsas proqram kodu Codex vasitəsilə təhlil edilib. Şirkətin məlumatına görə, süni intellektdən istifadə üçün sərf olunan tokenlərin ümumi dəyəri 200 dollardan az olub.

Aşkarlanan boşluq Java-nın standart Base64 dekoderindəki yaddaşın emalı mexanizmi ilə əlaqəlidir. Base64 məlumatların mətn formatında ötürülməsi üçün geniş istifadə olunan kodlaşdırma üsuludur.

Tədqiqatçılar müəyyən ediblər ki, xüsusi hazırlanmış məlumat ardıcıllığı dekoderə ötürüldükdə server yaddaşında pozulma yarana bilər. Müəyyən şərtlər daxilində bu zəiflikdən istifadə edən hücumçu parol və ya digər giriş məlumatları olmadan serverdə öz proqram kodunu işə sala bilər.

Calif şirkətinin məlumatına görə, mütəxəssislər boşluqdan istifadə edərək Jira, Confluence, Jenkins və Keycloak sistemlərinin standart konfiqurasiyalarında uğurlu hücum sınaqları həyata keçiriblər.

Şirkət Java texnologiyalarından Fortune 500 siyahısındakı müəssisələrin təxminən 90 faizinin istifadə etdiyini bildirərək problemin potensial təsir dairəsinin geniş olduğunu vurğulayıb.

Araşdırmada qeyd olunur ki, təhlükəsizlik zəifliyi yeni nəsil Intel və AMD prosessorlarından istifadə edən sistemlərə təsir göstərir. ARM arxitekturalı prosessorların isə sözügedən boşluqdan təsirlənmədiyi bildirilir.

Problemin aşkarlanmasından sonra Oracle şirkəti noyabrın 17-də təhlükəsizlik yeniləməsi yayımlayıb.

ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) də kritik Java boşluğu ilə bağlı xəbərdarlıq edərək təşkilatları müvafiq təhlükəsizlik yeniləmələrini dərhal quraşdırmağa çağırıb.

Calif şirkətinin araşdırması süni intellektin proqram təminatındakı mürəkkəb təhlükəsizlik zəifliklərini qısa müddətdə müəyyənləşdirmək imkanlarını nümayiş etdirir. Eyni zamanda, bu texnologiyaların kibercinayətkarlar tərəfindən istifadə olunması ehtimalı proqram təminatının təhlükəsizliyinin təmin edilməsində yeni çağırışlar yaradır.