Dünyanın ən çox gözlənilən videooyunlarından biri olan Grand Theft Auto VI (GTA 6/GTA VI) Yeni Zelandiyada oyunçuların istifadəsinə verilib. Rockstar Games şirkətinin hazırladığı oyun 13 illik fasilədən və iki dəfə təxirə salınmadan sonra təqdim olunub. Bu barədə Associated Press agentliyi məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, GTA 6-nın qlobal buraxılışı noyabrın 19-da başlayıb. Saat qurşağı fərqinə görə Yeni Zelandiya oyunun əlçatan olduğu ilk ölkələrdən birinə çevrilib. Oyun PlayStation 5 və Xbox Series X/S konsolları üçün təqdim edilib.
Yeni GTA-nın hadisələri ABŞ-ın Florida ştatından ilhamlanaraq yaradılmış Leonida bölgəsində, o cümlədən seriyanın məşhur Vice City şəhərində cərəyan edir. Oyunçular geniş açıq dünyada müxtəlif tapşırıqları yerinə yetirə və virtual şəhəri sərbəst araşdıra bilərlər.
GTA 6-nın hazırlanması oyun sənayesində ən böyük layihələrdən biri hesab olunur. Layihəyə təxminən 2 milyard dollar xərcləndiyi barədə iddialar yayılsa da, Rockstar Games bu məbləği rəsmi olaraq təsdiqləməyib.
Oyunun buraxılışı əvvəlcə 2025-ci ilə planlaşdırılmışdı. Daha sonra tarix 2026-cı ilin mayına, ardınca isə noyabrın 19-na dəyişdirilib.
Qeyd edək ki, seriyanın əvvəlki əsas oyunu GTA 5 2013-cü ildə satışa çıxarılıb. Yeni hissənin təqdimatı bununla da 13 illik gözləntiyə son qoyub.
GTA 6-nın kompüterlər üçün buraxılış tarixi isə hələlik rəsmi şəkildə açıqlanmayıb. Oyunun kommersiya uğuru və satış nəticələri barədə yekun qiymətləndirmə aparmaq üçün hələ tezdir.
