Yaponiya kiberhücumdan sonra Fugaku superkompüterinin fəaliyyətini dayandırıb

Yaponiya kiberhücumdan sonra Fugaku superkompüterinin fəaliyyətini dayandırıb

Fərid Əlizadə · Media ·

Yaponiyanın ən güclü superkompüteri olan Fugaku kiberhücuma məruz qalıb. Hakerlər sistemdəki təhlükəsizlik boşluğundan istifadə edərək superkompüterin daxili şəbəkəsinə icazəsiz giriş əldə ediblər. Hadisə nəticəsində minlərlə istifadəçinin şəxsi məlumatlarının ələ keçirilmiş ola biləcəyi bildirilir. Bu barədə superkompüteri idarə edən RIKEN tədqiqat institutu məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, araşdırma zamanı naməlum şəxslərin noyabrın 10-dan 13-dək Fugaku-nun daxili əməliyyat şəbəkəsinə müdaxilə etdiyi müəyyənləşdirilib. Hücumçular superkompüterin iş vəziyyətini göstərən və internet üzərindən açıq olan idarəetmə panelindən istifadə ediblər.

RIKEN-in məlumatına görə, kiberhücum nəticəsində bir neçə daxili serverə müdaxilə olunub və bəzi sistemlərə zərərli proqramlar yerləşdirilib. Hadisə Fugaku və RIKYU superkompüterlərinin ümumilikdə 4597-yə qədər istifadəçisinin məlumatlarına təsir göstərə bilər.

Risk altında olan məlumatlar arasında istifadəçilərin adları, elektron poçt ünvanları, identifikasiya məlumatları və digər sistemlərə giriş üçün istifadə olunan təhlükəsizlik açarları var. Bununla belə, elmi tədqiqat məlumatlarının kənara ötürüldüyünü təsdiqləyən sübutlar hələlik aşkar edilməyib.

İnstitut təhlükəsizlik tədbirləri çərçivəsində noyabrın 14-də Fugaku-nun fəaliyyətini dayandırıb və xarici şəbəkələrdən girişi məhdudlaşdırıb. Sistemin bərpası üçün zədələnmiş serverlərin yenidən qurulması və təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Fugaku 2020–2022-ci illərdə dünyanın ən güclü superkompüteri hesab olunurdu. Sonrakı illərdə digər sistemlərin inkişafı ilə reytinqdə doqquzuncu pilləyə geriləyib. Onun hesablama məhsuldarlığı təxminən 442 petaflops təşkil edir.

Superkompüter COVID-19 pandemiyası zamanı virus daşıyan damcıların və aerozolların qapalı məkanlarda yayılmasının modelləşdirilməsində mühüm rol oynayıb.

Fugaku həmçinin hava şəraitinin proqnozlaşdırılması, zəlzələ və sunami hadisələrinin modelləşdirilməsi, eləcə də mürəkkəb elmi hesablamalar üçün istifadə olunur.

RIKEN hadisənin bütün təfərrüatlarının araşdırıldığını və təhlükəsizlik tədbirləri tamamlandıqdan sonra superkompüterin fəaliyyətinin bərpa ediləcəyini bildirib.