Çində süni intellektlə işləyən məktəb lövhəsi təqdim edildi - VİDEO

Çində süni intellektlə işləyən məktəb lövhəsi təqdim edildi - VİDEO

Aytac Dəniz · Media ·

Çində keçirilən WAIC 2026 Dünya Süni İntellekt Konfransında tədris prosesini daha interaktiv etməyə yönəlmiş yeni nəsil ağıllı məktəb lövhəsi nümayiş etdirilib. Konfrans iyulun 17-dən 20-dək Şanxayda təşkil olunub.

Redaksiya xəbər verir ki, süni intellekt texnologiyası ilə işləyən cihaz lövhədə yazılmış mətnləri tanıya, mövzuya uyğun tədris materialları hazırlaya və dərsin məzmununu şagirdlərə izah edə bilir.

Sistemin müəllimlərin dərsə hazırlıq müddətini azaltmağa, mövzuların vizual və interaktiv formada təqdim edilməsinə, həmçinin şagirdlər üçün fərdiləşdirilmiş öyrənmə imkanlarının yaradılmasına xidmət etdiyi bildirilir.

Çin Təhsil Nazirliyi də süni intellektin tədris, öyrənmə və təhsil idarəçiliyinə daha sistemli şəkildə inteqrasiyasını 2026-cı ilin əsas prioritetlərindən biri elan edib. Qurum bununla yanaşı, məlumat təhlükəsizliyinin və şəxsi məlumatların qorunmasının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Mütəxəssislər belə texnologiyaların təhsilin keyfiyyətini və əlçatanlığını artıra biləcəyini bildirirlər. Bununla yanaşı, şagird məlumatlarının məxfiliyi, süni intellektin verdiyi cavabların dəqiqliyi, müəllim nəzarətinin qorunması və məktəblər arasında texnoloji imkan fərqləri əsas problemlər sırasında göstərilir.