Çin süni intellekt mütəxəssislərinin ölkədən çıxışına nəzarəti sərtləşdirir

Çin süni intellekt mütəxəssislərinin ölkədən çıxışına nəzarəti sərtləşdirir

Fərid Əlizadə · Media ·

Çin hökumətinin süni intellekt sahəsində çalışan əsas mütəxəssislərin xaricə səfərlərinə nəzarəti genişləndirdiyi bildirilir.

Redaksiya Bloomberg-ə istinadla xəbər verir ki, yeni tətbiq artıq yalnız dövlət qurumları və strateji müəssisələrlə məhdudlaşmır, özəl texnologiya şirkətlərinin əməkdaşlarını da əhatə edir.

Məlumata görə, Alibaba və DeepSeek kimi şirkətlərdə çalışan bəzi tədqiqatçılar, startap qurucuları və rəhbər şəxslər xaricə getməzdən əvvəl dövlət orqanlarından icazə almalıdır.

İddialara əsasən, siyahılar vəzifə səviyyəsinə görə deyil, şəxsin ölkə üçün strateji əhəmiyyəti əsasında formalaşdırılır.

Əvvəllər bu cür məhdudiyyətlər əsasən dövlət məmurları, nüvə alimləri və dövlət şirkətlərinin yüksək vəzifəli rəhbərlərinə tətbiq edilirdi. Özəl sektorun Sİ mütəxəssislərinə belə nəzarətin genişləndirilməsi isə Pekinin texnologiya rəqabətini milli təhlükəsizlik məsələsi kimi gördüyünü göstərir.

Ekspertlər hesab edirlər ki, Çin bu addımla kritik biliklərin, alqoritmlərin və texnologiya təcrübəsinin xaricə çıxmasının qarşısını almağa çalışır.

Bu praktika yeni görünsə də, əslində strateji sahələrdə çalışan şəxslərin hərəkətinin məhdudlaşdırılması Soyuq müharibə dövründən tanış mexanizmdir. Sovet sistemində də rejim üçün həssas sahələrdə işləyən alimlər, mühəndislər və hərbi-sənaye əməkdaşları ciddi nəzarət altında saxlanılırdı.

Çində bu yanaşmanın özəl Sİ sektoruna keçirilməsi isə süni intellekt yarışının artıq təkcə iqtisadi deyil, həm də geosiyasi və təhlükəsizlik məsələsinə çevrildiyini göstərir.